Azərbaycanda aparılan islahatların iki əsas məqsədi var: iqtisadi inkişafı sürətləndirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə qeyd etmişdir ki, əsas məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.
Prezident İlham Əliyevin təsdiq edilmiş sərəncamına əsasən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bölgələrdə infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elmi-texniki tərəqqinin tətbiqi, səhiyyədə xidmətin, müalicə və müayinənin müasir tələblər səviyyəsinə çatdırılması, müasir tələblərə cavab verə biləcək yeni təhsil müəssisələri, mədəniyyət evləri, kitabxana və digər sosial təyinatlı obyektlərin inşa olunması, ən başlıcası yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması nəzərdə tutulub.
Ölkəmizdə əhalinin iş yerləri ilə təmin edilməsi kimi vacib sosial problemin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu proqramlara uyğun olaraq regionlarda müasir infrastruktur yaradılmış, iqtisadiyyatın inkişafı təmin olunmuş və çoxsaylı yeni iş yerləri açılmışdır. Yeni iş yerlərinin yaradılması başqa bir vacib problemin müsbət həllinə şərait yaratmışdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxtı Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya demək olar ki, tam aradan qaldırılıb.
Ölkə başçımızın səyi nəticəsində Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir. İnsanların məşğulluq probleminin həlli daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Bu həssas münasibətin nəticəsidir ki, məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Bütün bu göstəricilər son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatların və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi