Son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Məlum məsələdir ki, qeyri-neft sektorunun inkişafı və ölkəyə valyuta axını, ilk növbədə, yerli istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına münbit şərait yaradır. Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında işsizliyin aradan qaldırılmasını ölkə qarşısında duran ən mühüm vəzifə olduğunu bildirmişdi. Təqdirəlayiq haldır ki, son 15 ildə böyük uğurla həyata keçirilən məşğulluq strategiyası nəticəsində ölkədə 1,9 milyondan çox yeni iş yeri açılmış, işsizlik səviyyəsi azalmışdır. Məşğulluğun təmin edilməsi vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına şərait yaratmış, ölkədə bazar münasibətlərinin tədricən formalaşması iqtisadiyyatın strukturunda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Bu müsbət tendensiya yenə də davam etdirilir. Yeni iş yerlərinin açılması və əhalinin məşğulluq pobleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə əhalinin iş yerləri ilə təmin edilməsi kimi vacib sosial problemin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu proqramlara uyğun olaraq regionlarda müasir infrastruktur yaradılmış, iqtisadiyyatın inkişafı təmin olunmuş və çoxsaylı yeni iş yerləri açılmışdır. Yeni iş yerlərinin yaradılması başqa bir vacib problemin müsbət həllinə şərait yaratmışdır.
Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya demək olar ki, tam aradan qaldırılıb. Sahibkarlığın inkişafı digər vacib məsələlərlə yanaşı, yeni iş yerlərinin yaradılması probleminin həllində də mühüm rol oynayır. Məhz bu baxımdan ölkə başçısı tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib. Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”. Əgər sahibkarlıq fəaliyyəti ilə bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsək, görərik ki, onların hər birində özəl sektorun inkişafı üçün güzəşt və imtiyazları, dövlət yardımını, o cümlədən maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər müddəalar var. Ölkə Prezidenti yerli istehsalçıların dəstəklənməsi, iş adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradılması, vergi orqanları tərəfindən qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarında rüşvətxorluğun aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirdi və ötən bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsini təmin etdi. tezliklə öz müsbət nəticəsini verəcəkdir. Son illərdə Azərbaycanda dövlət dəstəyi ilə neçə-neçə müəssisə yaradılmışdır. Bu müəssisələr həm yerli istehsalı gücləndirir, həm də yeni iş yerlərinin açılmasına xidmət edir. Cənab Prezidentin də dediyi kimi “Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır”.
Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı