Ötən həftənin sonunda Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Ağsu və İsmayıllı rayonlarına səfər etdi. Səfər çərçivəsində bir neçə açılış və görülən işlərlə tanışlıq reallaşdırıldı. Məlum oldu ki, son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Eyni zamanda o da bir daha öz təsdiqini tapdı ki, regionların inkişafı Prezident İlham Əliyevin daxili siyasətinin ən vacib sahələrindən biridir və bu istiqamət üzrə görülən işlər davamlı xarakter daşıyır. Dövlət tərəfindən hər bir bölgənin özünə xas şəkildə inkişafına töhfələr verilir və bu işlər dövlət başçımızın daimi nəzarətində saxlanılır. Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə rəhbəri kimi görülən işlərlə yerində tanış olması və problemlərin həlli ilə bağlı dərhal tapşırıqlar verməsi insanlarda davamlı inkişaf üçün əminlik yaradır. Vətəndaşlar qısa zaman ərzində genişmiqyaslı işlərin şahidi olurlar. Avqustun 12-də Prezident və Birinci vitse-prezidentin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri də bu qəbildən olan əhəmiyyətli səfər idi. Səfərin yadda qalan başlıqlarından biri də heç şübhəsiz Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə idi. Müsahibədə ölkə başçımız bölgələrdə görülən çoxşaxəli işlər, ərzaq təhlükəsizliyi, postmüharibə dövründə cərəyan edən hadisələr kimi aktual məsələlər barədə fikirlər səsləndirdi. Bu başlıqların hər biri olduqca əhəmiyyətli olmaqla, ölkəmizlə yanaşı bölgəmizin də gündəmində yer almaqdadır.
Dövlət başçımızın ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirmək istərdim. Aydındır ki, hazırda bütün dünyanı maraqlandıran və narahat edən Rusiya-Ukrayna müharibəsi sadəcə enerji təhlükəsizliyini təhdid etmir, həm də eyni ölçüdə ərzaq qıtlığı probleminin də meydana çıxmasına səbəb olur. Çünki, iki böyük taxıl ixracatçısının müharibəsi dünyanın geri qalan hissəsinin qıtlıqla mübarizə aparmasını labüd edir. Təəssüf ki, Azərbaycan da bu mənada istisna təşkil etmir. Ölkəmizin özü-özünü ərzaq məhsulları tam təmin etməsi hələ ki mümkün olmayıb. Buna görə də bu problemlər bütün dünya kimi bizi də narahat edir. Ancaq ölkə başçımız çıxışı zamanı Azərbaycanda bu sahədə heç bir problemin olmadığını və bizim ənənəvi olaraq taxılı və gübrəni Rusiyadan aldığımızı bildirdi. Vurğulandı ki, rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istənilən qədər gübrə və taxıl ixrac edilməkdədir. Yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə bu sahə daima xüsusi diqqət tələb edir. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu vəzifənin yerinə yetirilməsi üçün olduqca əlverişli şərtlər yarandı. Vətən müharibəsindən sonra təməl qida vasitələri ilə təmin olunmağımız üçün işğaldan azad edilmiş torpaqlarımız olduqca geniş potensiala sahibdir. Artıq azad edilmiş torpaqların əkin məqsədilə istifadisinə başlanılmışdır. Aydındır ki, hələ ki məhsuldarlıq bir o qədər yüksək deyil amma şübhəsiz ki, gələcəkdə Qarabağ və Şərqi Zəngəzur ölkəmizin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayacaqdır.
Dövlət başçımızın müsahibəsində daha bir vacib nüans “Qisas” əməliyyatı ilə bağlı deyilən fikirlər idi. Qısaca xatırlatmaq istərdim ki, “Qisas” əməliyyatı 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat idi. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmağa başladı. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid oldu. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri dərhal antiterror əməliyyatına başlayaraq, şəhidimizin qanını yerdə qoymadı. Erməni silahlı dəstələrinin bir neçə üzvü məhv edildi, onlarlası isə yaralandı. Yəni düşmən atdığı addıma sözün əsl mənasında peşman edildi. Azərbaycan şəhidinin qanı onlara baha başa gəldi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab yenə eyni olacaq və heç kim Azərbaycan Ordusuna mane ola bilməz, heç kim bizi durdura bilməz.
“Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz yerindədir və biz yeni müharibə istəmirik. Əgər Azərbaycan istəsəydi heç bir dövlət, qurum ya da güc onun qarşısında dura bilməzdi amma biz müharibə istəmirik. Biz davamlı sülh, əmin-amanlıq və proqnozlaşdırıla bilən region istəyirik. Ümid edirik ki, Ermənistan da, Qarabağda yaşayan erməni millətinə məxsus vətəndaşlarımız da nəhayət düzgün yolu seçəcək və nifrətdən, müharibədən uzaqlaşaraq birgə yaşamağın yollarını axtaracaq. “Qisas” əməliyyatı ilə bağlı bir faktı da qeyd etmək istərdim ki, əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürüldü. Yəni, Azərbaycan Silahlı Qüvvələri şəhidinin qanını almaqla yanaşı, həm də dövlət maraqlarının təminatını ən yüksək səviyyədə yerinə yetirdi. Beləliklə, bu, bir günlük əməliyyat Ermənistan üçün böyük dərs olmalı, onlar anlamalıdır ki, bu gün də, sabah da, hətta bundan illər sonra da Azərbaycan həmişə öz milli maraqlarını, ərazi bütövlüyünü qorumaq üçün canından keçməyə hazır olacaq, öz torpaqlarında başqa bir ölkənin hərbi varlığını əsla qəbul etməyəcək. Bundan sonra torpaqlarımızda nəinki ikinci bir erməni dövlətinin varlığı, hətta hansısa status, xüsusi imtiyazlardan belə söhbət gedə bilməz. Torpaqlarımızda yaşayan ermənilər ancaq digər xalqların nümayəndələrinin malik olduğu qədər haqlara sahib ola bilərlər. Ermənistan hökumətinin də, Qarabağda yaşayan ermənilərin də tək çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.

Kəmalə Mustafayeva,
YAP Pirallahı rayon təşkilatının üzvü