Vətən müharibəsində Azərbaycan xalqı da,dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu
İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.
Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur.
Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini