15 avqust 2022 15:43
871

“Qisas” əməliyyatı bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz

Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir

Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri ölkəmizin inkişafı naminə atılan növbəti addımların nümunəsi kimi səciyyələndirilə bilər.

Dövlət başçısı həmçinin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında da fikirlər bildirib.

Ölkə başçısı avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda baş verən qarşıdurma ilə bağlı danışarkən qeyd edib ki, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı: “Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır.”

“Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, yeni müharibə istəmirik. Çünki Vətən müharibəsi bizim gücümüzü göstərdi və istəyimizə hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da zamanında çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm də strateji addımlarımızın təsbit edilməsi reallıqdır. İşğalçı Ermənistan da dərk edir ki, biz nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilirik və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Bu dərs onların yaddaşında qalacaqdır.

Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, işğalçı Ermənistanın öhdəliyidir. 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, belə əməliyyatların təsiri var. Təbii ki, bu məsələni qarşıdurmaya gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq və istədiyimizi təmin etmişik. Öz torpağımızda möhkəmlənmişik və daha da möhkəmlənəcəyik.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri