12 avqust 2022 22:34
772

Ermənistan bizim haqlı şərtlərimizi qəbul etməyə məcburdur

"Qisas" əməliyyatı erməniləri daha ayıq başla düşünməyə məcbur edib

Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri davamlı olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər.  Xüsusilə avqustun 3-də Laçın rayonu istiqamətində hərbi bölmələrimizin mövqelərinin erməni separatçıları tərəfindən atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımovun şəhid olması tükənmiş səbrimizi alovlandırdı. Yəni, erməni separatçıları bu təxribatları ilə  Azərbaycan Ordusunu məcbur etdi ki, sərt və qətiyyətli  antiterror tədbirləri həyata keçirsin.

Məhz dərhal həyata keçirilən «Qisas» hərbi əməliyyatı çərçivəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Bu, yalnız hərbi deyil, həm də siyasi zərbə idi və Ermənistan hakimiyyətini küncə sıxışdırmaq üçün vacib idi. «Qisas» əməliyyatının uğurlu nəticəsi sayəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəkliklər - Sarıbaba ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində mühüm yüksəklik olan Qırxqızda da mövqelərimiz təmin edildi.

Bundan sonrakı mərhələdə, sözsüz ki, erməni separatçılarının təxribatlar törətmək imkanları və həvəsləri əhəmiyyətli dərəcədə məhdudlaşmış olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın siyasi rəhbərliyi digər məsələlərdə də imitasiyalarla məşğul idilər. Belə ki,  44 günlük tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanat ölkəmizin qələbəsini və hərbi üstünlüyünü təsdiq etməklə bərabər, təcavüzkar Ermənistanın kapitulyasiyasını da rəsmiləşdirdi. Həmin sənəddə göstərilib ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Lakin Ermənistan hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə Bəyanatın imzalanmasından keçən 2 ilə yaxın müddətə baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Laçın dəhlizinə alternativ yolun yaradılması məsələsi də birgə Bəyanatda ifadəsini tapmışdı. Azərbaycan tərəfi bu istiqamətdə özünə aid olan bütün işləri yerinə yetirsə də, Ermənistan tərəfi süni şəkildə prosesi əngəlləməklə məşğul idi. O da məlumdur ki, yeni yolun açılması Laçın şəhərinə tam çıxışımızı təmin edəcək. Yəni şəhərdə və ətraf kəndlərdə nəzarəti Azərbaycan tərəfi həyata keçirəcək. Ermənistanın yeni dəhlizin açılmasını əngəlləməkdə məqsədi məhz bunun qarşısını almaq idi. Qeyd edək ki, məhz «Qisas» əməliyyatından sonra Ermənistanda reallıq hissələri güclənib və artıq bunun əlamətləri görünməkdədir. Məlumatlara əsasən, Laçın dəhlizinə alternativ yolun açılması istiqamətində Ermənistan tərəfi də artıq addımlar atmağa başlayıb. Eyni zamanda, Laçında və ətraf kəndlərdə zorla məskunlaşdırılmış ermənilərin də çıxarılması üzərində işlər aparılır.

Bu gün Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsində də  müxtəlif manipulyasiyalar etməyə çalışırdı. Birgə Bəyanatda aydın ifadə olunduğu halda, Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirirdi. Halbuki birgə Bəyanatın 9-cu maddəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi tam aydın ifadə olunub. Yenə də Azərbaycan tərəfi öz ərazisində bu dəhlizin açılması üçün bütün infrastruktur elementlərini yaradıb. Ermənistan tərəfi isə digər məsələlərdə olduğu kimi, bu məsələdə də yalnızca manipulyasiyalarla məşğul idi.

Siyasi və hərbi ekspertlərin fikrincə, «Qisas» əməliyyatı bu məsələdə də Ermənistanı real davranmağa məcbur edəcək. Artıq bunun baş verdiyini görməkdəyik. Belə ki, avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Əslində ordumuzun antiterror əməliyyatları həm də  düşməni sülhə məcburetmə taktikasıdır. Yəni, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev əmin idi ki, «Qisas» antiterror əməliyyatı taktiki baxımdan ciddi nəticələr verəcək. O cümlədən ermənilər də bu əməliyyatdan sonra bir daha anladılar ki, əsgərimizi şəhid edənlər bundan sonra da  çox sərt cəzalandırılacaqlar.

Bütün bunlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin dəfələrlə «nəyi və nə vaxt edəcəyi» barədə fikirləri qətiyyətli siyasətin təzahürüdür. Ermənistan gec ya tez bu qətiyyətin qarşısında ədalətli şərtlərimizi qəbul etmək məcburiyyətindədir.

Elçin Zaman, «İki sahil»