12 avqust 2022 01:18
808

Batan gəmini tərk edən siçovullar...

Deyilənlərə görə, beyini pozulan Araik Arutyunyan şələ-küləsini yığışdırıb

Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı hesab edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “fərman"ın icrası dayandırılıb.  Bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Bildirilir ki,  Arutyunyan bir neçə gün əvvəl səfərbərlik barədə imzaladığı “fərman”ın icrasını ləğv edib. Ancaq erməni mənbələri Araikin öz “fərmanını”  "yeməsinin" səbəbini açıqlamaqdan vaz keçiblər. Açıqlasalar bildirməli idilər ki, terrorçubaşı artıq qorxur, canına vicvicə düşüb, daha doğrusu, lap üyüdür..."Dəmir yumruq"dan sonra başı gicəllənən və beyin qan dövranı pozulan terrorçu ermənilər indi öz başlarının hayına qalıblar. “Dənizdən-dənizə”, “miatsum”, "böyük Ermənistan" filan tamam yaddan çıxıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas” antiterror cavab əməliyyatı nəticəsində Sarıbaba, Buzluq, Qırxqız yüksəklikləri, həmçinin Kiçik Qafqaz sıra dağlarının Qarabağ silsiləsi boyunca bir sıra əhəmiyyətli hakim zirvələri nəzarətə götürülüb. Həmin yüksəkliklərin nəzarətə götürülməsi ilə quldur yuvasına çevrilmiş Xankəndi şəhəri əhatəyə alınıb. Hər tərəfdən “dəmir məngənə”yə salınan silahlı terrorçu ermənilər çıxış yolunu qaçmaqda görürlər. Batan gəmidən salamat çıxıb qaçmağa cəhd edən siçovullar kimi…

Bir vaxtlar Gəncəni, Mingəçeviri, Yevlağı, Bərdəni, Tərtəri, Ağcabədini raket atəşləri ilə dağıdacağını lovğalıqla bildirən, “donuzlarımız  Kürdən su içəcək” deyən quldurbaşı Araik Arutyunyan əslində qaçmağa zəmin hazırlayır. Artıq yəqin edib ki, nə özü, nə də donuzları Kürdən su içə bilməyəcək. Səfərbərlik barədə verdiyi “fərman”ı çeynəməsi də bundan xəbər verir. Əslində gülünc və cəfəng bir qərar idi. Başa düşüb ki, daha heç nəyin köməyi olmayacaq. Qarabağda cəmi  25 minə qədər erməni yaşayır ki,  bu rəqəmdən utanmayan sürtük Araik həyasızcasına “səfərbərlik” əmri vermişdi. Nəzərə alsaq ki, 25 min nəfərdən nə qədər qocası, qadını, uşağı və xəstəsi var. Gənclərin isə bir qismi Rusiyaya və digər xarici ölkələrə gediblər. Yəni, yerdə qalan iki cüt-biri tək erməniyə nə səfərbərlik? Üstəlik də səfərbərlik etsə, nə qələt qıracaqdı ki? Bircə alay da yığa bilməzdi. Daha ərköyünlük etməyin, sarsaq iddiaları irəli sürməyin zamanı keçib. Çünki arxalandığı "dağlara çoxdan qar yağıb".

Görünür,  Araik "Qisas"ın yaxın müddətdə onu boğazlayacağını anlamağa başlayıb, o səbəbdən də şələ-küləsini hazırlayır, məqam yetişən kimi aradan çıxacaq. Yaxşı başa düşür ki, onu başlı-başına buraxmayacaqlar, qanını axıtdığı günahsız uşaqların, qadınların, qocaların hesabını onunla çəkəcəklər. Törətdiyi qələtlər isə saysız-hesabsızdır. Qanını axıtdığı insanların vəbalına batan qulduru ədalət məhkəməsi gözləyir. O, qanunlarımızın şiddəti ilə cəzalandırılmalıdır. Ən yaxşı halda onu uzunmüddətli həbs gözləyir, pis halı isə özü də bilir. Çünki hamısını özü qazanıb, ona görə də hamısını gözünün altına almalıdır. Yəqin Araikin sağ qulağı qaşınır. Unutmasın ki, Laçındakı Zabux dərəsində  diviziyası darmadağın edilən qulağıkəsik babası Andronikin biabırçı  taleyi onu da gözləyir...

 Onu da qeyd etmək lazımdır ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular həmişəkilərdən fərqli olaraq rəsmi Bakını növbəti dəfə qəzəbləndirməkdən açıq-aşkar çəkinirlər. Çünki, “Qisas” antiterror əməliyyatı keçirilərkən, Rusiya sülhməramlı qüvvələri buna mane ola bilmədilər. Bu baxımdan, indi erməni toplumunda əminlik var ki, əgər, rəsmi Bakı yenidən qəzəblənərsə, bu dəfə antiterror əməliyyatları birbaşa Xankəndi şəhərində keçirilə bilər. Bu isə neçə illər Qarabağda at oynatmış, neçə-neçə qanlar tökmüş terrorçu quldurların nəfəsliyini tam qapayar. Amma qaçmaq üçün hələ bir şans da var.

Bir məsələni vurğulayaq ki, Azərbaycana qarşı silah işlətməyən və heç bir cinayət  törətməyən ermənilər rahat nəfəs ala bilərlər. Nəhayət, onlar da uzun illər  işğalçıların təhqirindən, alçaltmalarından, döyülüb-söyülmələrindən canlarını qurtaracaq, qanunların işlədiyi bir ölkənin vətəndaşları olacaqlar.  Faktlar var ki, vəzifəli və varlı ermənilər  bir tikə çörəyə möhtac  olan soydaşlarını narkotik bitkilər yetişdirilən plantasiyalarında qul kimi işlədiblər, əvəzində qəpik-quruş əmək haqqı veriblər, cavan qadın-qızları zorla fahişəliyə cəlb ediblər, onları xarici turistlərin “xidmətçisi” olmağa məcbur ediblər.  Həmin ermənilər insan kimi sayılmadıqları üçün o cür yaşamaqdan beziblər. Son günlərdə bunu Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən çoxsaylı ermənilərin müraciətlərindən də aydın görmək olar. Həmin ermənilər Prezident  İlham Əliyevdən xahiş edirlər ki, Azərbaycan vətəndaşı olmaq üçün onlardan öz köməyini əsirgəməsin. İnkişaf etmiş abad və gözəl Azərbaycanda yaşamaq onların da arzusudur. Müraciətlərində belə yazırlar. İslam dinini qəbul edən Aqunik Abovyan isə Bakıya gəlmək, həyat yoldaşının qohumlarını görmək, şəhəri ziyarət etmək və buradakı dostları ilə görüşmək üçün dövlətimizin başçısından icazə istəyib.

Şübhəsiz ki, Azərbaycan dövləti heç bir cinayətdə iştirakı olmayan və qanunlarımızı qəbul edən ermənilərə öz vətəndaşları kimi himayə göstərib onlara da qayğı göstərəcəkdir. Əvvəllər olduğu kimi...

Vəli İlyasov, "İki sahil"