10 avqust 2022 01:54
896

"Dəmir yumruq"la darmadağın olan orduda müəmmalı ölümlər

Ermənistanın bütün sahələrində olduğu kimi, ordusunda da ciddi problemlər müşayiət olunmaqdadır. Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb, maddi-texniki, şəxsi heyətlə təminat baxımından indi daha ciddi çətinliklər yaşayır.

Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.

Təkcə cari ilin yanvar-avqust ayları ərzində Ermənistan ordusunun 19 hərbçisi qeyri-döyüş şəraitində öldüyü qeydə alınıb. Bu barədə ölkənin Baş Prokurorluğundakı mənbə bildirib. Qeyd edilir ki, onlardan 10-u hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə ölüb. Məlumata görə, yanvarda Ermənistan ordusunun 4, fevralda 3 hərbçisi naməlum şəraitdə ölüb. Martın 17-də 19 yaşlı çağırışçı Eduard Rüstəmyan naməlum şəraitdə ölüb. Həmin gün daha bir hərbi çağırışçı Albert Siroyan da qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Apreldə isə 3 erməni hərbçinin ölümü qeydə alınıb. Aprelin 28-də Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. "N" saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib. İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan iyulun 26-da ölüb. Ermənistanın Müdafiə Nazirliyi əsgərin ağır yanıq xəsarətləri alması barədə məlumatı gizlədərək, bunu ancaq iyulun 26-da açıqlayıb. Təkcə avqustun 4-dən 7-dək üç erməni hərbçi qeyri-döyüş şəraitində ölüb. Bu günlərdə Ermənistanın "N" saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə ölüb. Onun ölüm səbəbi açıqlanmayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda, Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Basarkeçər (Geqarkunik) qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda məğlub ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya, özbaşınalıq onu uçuruma aparır. Bu gün Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktları onun vəziyyətinə birbaşa təsirini göstərir. "4rd.am" saytı Ermənistan baş prokurorluğunda etibarlı mənbədən aldığı məlumata əsasən, yazır ki, cari ilin 8 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 28 hərbçisi ölüb. Ölkədə 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Belə faktların çoxluğu fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir.

Mənsumə Babayeva, "İki sahil"