10 avqust 2022 01:24
895

Ermənistanda biabırçı gerisayım başlandı

Qarabağa “status” almaq həvəsi ilə gələnlər indi Ermənistanda "qaçqın" statusu almağa çalışırlar

Otuz il Azərbaycan ərazilərini işğal altında saxlayan və iki il əvvəl ağır hərbi məğlubiyyətə uğrayan  Ermənistan artıq törətdiyi təcavüzün acı qarşılıqlarını görməkdə və yaşamaqdadır. “Qisas” əməliyyatından sonra Azərbaycanın ciddi xəbərdarlıqlarından Ermənistanda bərk təşvişə düşüblər. Qarabağa “status” ala bilməyən Ermənistan vaxtilə dəvət edib Suriyadan, Livandan və digər ölkələrdən şirin vədlərlə aldadıb gətirdiyi ermənilərə qaçqın statusu vermək istəmir. Məlum olur ki, üzücü məğlubiyyətdən sonra təkcə bu deyil, Ermənistanı belsındıran bir çox çətin problemlər gözləyirmiş.

Son günlər İrəvanda bir dəstə erməni xarici ölkə nümayəndəliklərindən onlara mənzil və ya sığınacaq verilməsinə, həyat şəraiti yaradılmasına kömək etməyi  xahiş edirlər.

Yada salaq ki, Laçından getmək məcburiyyətində qalan “çağırılmamış qonaqlar” əsasən Livan və Suriya erməniləridir. Bu adamlar Qarabağda qalıb Azərbaycan vətəndaşları kimi yaşamaq istəsələr belə, əvvəlcə qanunlarımız qarşısında cavab verməli olacaqlar.  Onlar sərhədimizi qanunsuz keçdikləri və qanunsuz məskunlaşmaya görə inzibati qaydada cəzalandırıla bilərlər. Sonrası isə Azərbaycan dövlətinin mərhəmətinə qalıb. Ancaq uzun illər separatçıların təzyiq və psixoloji basqısı altında olan, lakin Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməmiş dinc Qarabağ erməniləri üçün isə belə problem yoxdur. Yetər ki, onlar Konstitusiyamızı qəbul edib qanunlarımıza tabe olsunlar. Artıq belə proses başlayıb. İndiyədək xeyli sayda erməni Prezident İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət göndərib. Hiss olunur ki, belə müraciətlərin sayı sürətlə artacaqdır.

 Qayıdaq şərh etdiyimiz mövzuya. İrəvanda sosial tələblər irəli sürən ermənilərin aksiyaları ilə bağlı məlumatda bildirilir ki, "Fəallar diplomatik nümayəndəliyin əməkdaşlarına məktub təqdim ediblər, orada onları narahat edən məsələlər – Qarabağdan gələn "əhali"nin təhlükəsizliyi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı məsələlər qeyd olunub. Bundan əvvəl məcburi köçkünlər Rusiya və Fransa səfirlikləri yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onların BMT-nin İrəvandakı ofisində də piket keçirmələri planlaşdırılır".

Zabux kəndində məskunlaşan Livan ermənisi Andronik Çavuşyan bildirib ki, Araik Arutyunyan ona söyləyib ki, avqustun 25-dək Laçından çıxmasaq Azərbaycan sərt addımlar atacaq, odur ki, çıxın gedin, qalan hər şey sizin öz probleminizdir.

Göründüyü kimi, Ermənistan Qarabağda cinayət törədib qaçan xarici erməniləri yerləşdirmək və onların ən minimum həyati tələblərini ödəmək fikrində və imkanında deyil. Hökumətdən əllərini üzən həmin ermənilər isə bunun  qarşılığında xarici ölkə səfirliklərinə üz tutub, onlardan kömək istəyirlər .

Bəs hanı "yeni ərazilər" işğal etmək iddiasında olan Paşinyan hakimiyyətinin gücü, nə tez belə qüvvədən düşdü? İki cüt-biri tək vətəndaşını yerləşdirə bilməyən hökumətin iç üzü bir daha açıldı. İndi Paşinyan hiss edər qaçqın-köçkün saxlamağın ağırlığını. Hiss edər ki, Azərbaycan dövləti otuz il bir milyona qədər qaçqın və köçkünə necə qayğı göstərib. Həm də heç bir ölkənin yardımını istəmədən, almadan. Otuz ildə heç bir azərbaycanlı ailəsi hər hansı bir xarici ölkə nümayəndəliyinin qarşısına kömək üçün getmədi. Çünki onlar Azərbaycan dövləti tərəfindən təmin olundular. Qaçqın və məcburi köçkünlər üçün tikilən şəhərciklər, ayrılan yardımlar, verilən imtiyazlar buna ən yaxşı sübutdur. Dövlətimiz hər vaxt qaçqın və köçkünlərin məsələləri ilə yaxından maraqlandı və ehtiyaclarını qarşıladı. Onların məsələləri ilə məşğul olan Dövlət Komitəsi də fəaliyyət göstərdi.

Dediyimiz kimi, yaşamaq üçün İrəvana gedən ermənilər heç də Qarabağ sakinləri deyil, işğal dövründə Ermənistandan və xarici ölkələrdən aldadılıb gətirilənlər və ya könüllü "təşrif buyuranlar"dır. Yerli əhali olmadıqları üçün indi Azərbaycan kəndlərində tutduqları evləri boşaltmaq məcburiyyətindədirlər. Çünki kəndlərin əsl sahibləri və sakinləri tezliklə qayıdacaqlar. Onlar isə yerli erməni olsaydılar qışqırıqları indi dünyanın hər yanına yayılardı. Ancaq səslərini içlərinə salıb sakitcə İrəvana gediblər. "Sakit" getmələri onunla müşayiət olunub bu nanəciblər iyirmi səkkiz il yaşadıqları evləri yandırıb, təsərrüfatları isə dağıdaraq çıxırlar. Dilənçi və quldur  xislətlərinə uyğun olaraq əllərinə keçən yararlı nə varsa yağmalayıb aparırlar. Hazırda Laçın rayonunun Zabux kəndi erməni vandalizminə məruz qalıb. Orada da bütün evləri yandırırlar. Çünki yandırılan həmin evlər azərbaycanlılarındır və sahibləri geri dönəcəklər.

Xatırladaq ki, vaxtilə Ermənistandan və xarici ölkələrdən bu yerlərə köçəndə onlara Qarabağda cənnət kimi həyat vəd veriblər. 2020-ci ildə isə Ermənistanın biabırçı məğlubiyyətindən sonra gəlmələr başa düşüblər ki, bura onlar üçün cənnət deyil, kabab əvəzinə eşşək dağlanan yerdir.

Heç bir sınaqdan sağ-salamat çıxmayan Ermənistan indi qaçqın-köçkün problemləri ilə yüklənib. Milçəkdən can diləyən Ermənistan bu yükü çəkə biləcəkmi? Aydın görünür ki, çəkmək iqtidarında deyil. Beləliklə, Ermənistan sarsaq başın hesabına əziyyət çəkən bədənə oxşayır. Öz cəzasıdır, özü də çəkəcəkdir. Onun-bunun hesabına dingildəməyin və hökküldəməyin axırı belə də qurtarmalıdır. Beləliklə, biabırçı gerisayım başladı.

Vəli İlyasov, "İki sahil"