İrimiqyaslı layihələr icra olunur: Dövlət başçısının son sərəncamları bunu bir daha təsdiqləyir
Azərbaycanda müasir standartlara uyğun yol infrastrukturunun qurulması, yenilənməsi işləri davam edir. Xüsusən Vətən müharibəsindən sonra respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işləri daha geniş vüsət alıb. İndi qurulan yolların sayəsində yolların sayəsində ən ucqar dağ kəndlərinə, otuz ilə yaxın həsrətini çəkdiyimiz torpaqlara gedib-gələ bilirik. Ölkəmizə təşrif buyuran xarici qonaqlar da Azərbaycan iqtisadiyyatının qüdrətini artıran bu yolların inkişaf etmiş ölkələrin yollarından heç də geri qalmadığını dəfələrlə dilə gətiriblər.
Ölkə başçısı Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini əsas məsələ kimi daim gündəmdə saxlayır. Ötən gün Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,3 milyon manat vəsaitin ayrılması qərara alınıb.
Ümumiyyətlə, ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur.
Regiondakı yolların yüksək standartlara cavab verəcək səviyyədə yenidənqurulması da əsas hədəflərdəndir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün xüsusən işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağa “Böyük Qayıdış”ın tam reallaşması üçün nəzərdə tutulan layihələr sürətlə icra olunur. Həmin ərazilərdə avtomobil və dəmir yolları, eləcə də stansiyalar tikilir, yaşayış massivləri salınır, hava limanları inşa edilir.
İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən layihələr, yol infrastrukturunun yenilənməsi prosesi Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmış magistral xətlərinin, dəmir və hava yollarının bərpası istiqamətində dövlətimizin atdığı addımlar həm də Azərbaycanın iqtisadi imkanlarından xəbər verir. Prezident İlham Əliyev bəyan edir: “Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.”
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Sənəddə qeyd olunub ki, qarşıdakı illərdə reallaşdırılacaq Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyd edilib ki, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Hazırda işğaldan azad olunan ərazilərdə bir sıra yolların tikintisi həyata keçirilir. 2020-ci ili noyabr ayının 16-da təməli qoyulan və uzunluğu 101 kilometr təşkil edən Zəfər yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolu strateji yollardan hesab olunur. Ümumi uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda, avtomobil yoluna paralel olaraq inşa olunan dəmiryolunun ümumi uzunluğu 110,4 km təşkil etməklə 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Füzuli-Hadrut avtomobil yoludur. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
Cari ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələrinə Bərdə-Ağdam, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Füzuli-Hadrut, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Qubadlı-Eyvazlı avtomobil yolları daxildir.
Gələn il Əhmədbəyli-Füzuli-Şuşa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yollarının, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulur.
2024-2025-ci illərdə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Ağdam-Füzuli, Toğana-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yolları layihələrinin başa çatdırılması proqnozlaşdırılır.
Günel Eyyubova, “İki sahil”