“Azərbaycanın güclü dövlət və xalq olması baxımından bu gün yaratmış olduğu reallıq zamanında ümummilli liderimiz Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyənləşdirilmiş siyasi konsepsiyaya əsaslanır. Heç şübhəsiz ki, bu siyasi konsepsiya özündə daxili və xarici olmaqla bir çox elementləri ehtiva edirdi. Dövlətçilik ənənəsi məhv olmaq təhlükəsi altında qalan bir xalqı din, etiqad, vicdan azadlığı kimi həssas bir məsələ üzərindən vurmaq meyillərini aydın sezən ulu öndər Heydər Əliyev hakimiyyətə yenidən qayıdışı ilə din-dövlət münasibətlərini sivil prinsiplərə uyğun tənzimlənməsi istiqamətində əsaslı addımlar atdı.”
Bu fikirləri politoloq Şəbnəm Həsənova “İki sahil”ə açıqlamasında bildirib.
Ş.Həsənova qeyd edib ki, daxili siyasətimiz "İqtisadiyyatı güclü olan dövlət" hər şeyə qadirdir, şüarının üzərində formalaşdırılır, ölkəyə kapital axını sürətləndirilirdisə, xarici siyasətimizin əsas istiqamətləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin uğurla icrasına paralel olaraq beynəlxalq münasibətlər sisteminin aktorları kimi individual olaraq dövlətlərlə, eyni zamanda, beynəlxalq təşkilatlarla münasibətlərin müsbət məcraya geri döndürülməsi, ya da daha da dərinləşdirilməsi işi əsas strateji xətt kimi müəyyənləşdirilirdi. Bu baxımdan müxtəlif, çoxşaxəli istiqamətləri ehtiva etməklə tarixi dəqiq faktlarla olduğu qədər, bir o qədər də qürur və fəxrlə deyə bilirik ki, müasir, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin inşa etdiyi Azərbaycandır. Siyasi tarix bizə başqa, lakin azsaylı fəaliyyət, nəticə ərsəyə gətirmiş nümunəvi siyasi xadimlər təqdim etsə də, lakin çox nadir, hətta təkrarsız şəxsiyyətlər var ki, qurub-yaratmış olduğu dövlətçilik ənənəsini eyni nümunəvi əsaslarla icra edəcək bir şəxsiyyət formalaşdırsın və onu öz xalqına ərmağan etsin. Bu baxımdan da bugünkü reallıqda xalqımız ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində xalqa müraciətində dediyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin nə qədər əsaslı olduğunu alınan hər qərarda, atılan hər addımda, əldə edilən hər nəticədə görür.
Ş.Həsənova diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla icra edən cənab Prezident İlham Əliyev 30 ilə yaxın bir işğala son qoyduqdan sonra nümunəvi, tarixdə bənzəri olmayan bir davranış sərgiləyərək düşmənçiliyi unudub, səhifəni çevirməyə hazır olduğumuzu bildirdi. Məhz bu addım Azərbaycan xalqının nümayəndəsi olaraq Liderimizin dahiliyinin, xalqımızın isə böyüklüyünün əyani təzahür forması idi ki, bunu dost da, düşmən də görmüş oldu. Lakin mənfur düşmən öz siyasətindən əl çəkmir, torpaqlarımızı tərk edərkən müxtəlif növ infrastruktura ziyan vurur, bölgənin flora və faunasını məhv edir, sularımızı, çaylarımızı çirkləndirərək əslində isə özlərininin çirkin xislətlərini bir daha göstərirdilər. Bu azmış kimi bir dövlət olaraq üzərinə götürmüş olduğu öhdəlikləri icra etməyən Ermənistan sərhəddə təxribatlara yol verir, yenə də bölgədə qanunsuz silah-sursatla təchizatlandırılırdı. Bu kimi əməllərə son verilməli olduğunu isə dövlət başçımız cənab İlham Əliyev qətiyyətli bir şəkildə sadəcə Ermənistanın deyil, onun bütün havadarlarının diqqətinə çatdırırdı. Son təxribatlar Ermənistanın manevr imkanlarını tamamilə sıfıra endirdi və nəticədə Azərbaycan öz suveren ərazilərində "Qisas" əməliyyatını uğurla icra etməklə bir neçə strateji yüksəkliyə nəzarət əldə etdi ki, bu nöqtələr də gələcəkdə atıla biləcək və atılacaq addımlarımızın səsini daha da gurultulu etməyə yol açdı.
Politoloq əlavə edib ki, indiki məqamda isə siyasi proseslərin inkişaf ssenarisi bizə onu deməyə əsas verir ki, bölgədə maraqların toqquşması Qarabağ məsələsi üzərindən daha da intensivləşir. Bu intensivləşmə prosesinin baş tutması gözlənilən olsa da ən vacib məqam isə regional aktorların ona necə cavab verməsi, hansı dividentləri qazanmasıdır. Məlum məsələdir ki, proseslərin dar, yəni, Qarabağ kontekstindən çıxıb, geniş yəni, Zəngəzur dəhlizinə doğru genişlənməsinə paralel olaraq maraqlar da regional aktorlardan qlobal aktorlarla birbaşa bağlıdır. Bu baxımdan regional olduğu qədər qlobal güc mərkəzlərinin önəmli siyasi şəxslərindən gələn zənglərin məhz onların təşəbbüsü ilə baş tutması ilkin olaraq indiki məqamda Azərbaycanın yaratmış olduğu reallığın qəbul edilməsidirsə, gələcəkdə və əslində heç də uzaq olmayan perspektivdə Zəfərimizin Cənubi Qafqazdan başlayaraq Mərkəzi və Cənub-Şərqi Asiyaya qədər bütün xalqlara sülh, rifah, fayda gətirəcəyinin xəbərçisidir. Bu gün əldə olunan reallıq cənab Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu diplomatiyanın uzaq gələcəyə hesablandığının nəticəsidir.
Şəmsiyyə Əli qızı, “İki sahil”