06 avqust 2022 07:56
1061

“Qisas” əməliyyatı Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təqdimatıdır

Dövlət başçısı İlham Əliyev iki ilə yaxın dövrdə bu çağırışı edir ki, əgər biz 10 noyabr Bəyanatının  bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik

Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolundan və mövqeyindən geniş bəhs edərək bildirmişdi ki, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla,  cəmi bu altı ayda nə qədər böyük işlər görülüb: «Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik.» Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırmışdı ki,  beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət daxili problemləri daha böyük uğurla həll etməyə geniş imkanlar yaradır:  «Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır.»

Bu uğurlar  dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin, eyni zamanda, bu siyasətin uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizə əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi  Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bu, tarixi  Qələbə  30 ilin həsrətinə, acısına son qoymaqla yanaşı, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq  təşkilatların, ən əsası  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in  Minsk qrupunun həmsədrlərinin bugünədək ikili standartlar əsasında yanaşmalarının əsl mahiyyətinə işıq saldı. Azərbaycanın tarixi Qələbəsi ilə bağlı hər bir yazımızın  mahiyyətində bu məqam dayanır ki, haqq- ədalət gec-tez öz yerini tapır. Yalanın həqiqət üzərində qələbəsinin ömrü uzun ola bilməz. Baxmayaraq ki, erməni diasporunun güclü olduğu ölkələrdə Azərbaycan həqiqətləri təhrif edilir, Ermənistan işğala məruz qalan dövlət kimi təqdim olunurdu.  1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan ədalətsiz «907-ci düzəliş»in əsasında da məhz bu amil dayanırdı. Bu reallıq inkaredilməzdir ki, müstəqilliyimizin yenidən bərpasının    ilk illərində  Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında informasiya blokadasının aradan götürülməsi istiqamətində davamlı addımlar atıldı və nəticə göz önündədir. Məhz o zamandan   qurulan möhkəm təməl  Azərbaycanın döyüş meydanında Qələbə qazanıb  siyasi müstəvidə diktə edən tərəf kimi  işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur etməsini şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanırdı.

     44 günlük Vətən müharibəsinin  reallıqlarından biri də bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu”  mifi darmadağın edildi.   Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının  işğal olunmuş ərazilərimizə  gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. Həmçinin bu faktlar da təsdiqləndi ki,  Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda  hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur. Bu reallıqlar fonunda ümumi qənaət bu oldu ki,  Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır.

   Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət,  beynəlxalq hüquqa əsaslanan  yanaşma gözlədi.  Ölkə Prezidenti istər  44 günlük müharibə,  istərsə də postmünaqişə dövründə müsahibələrində bu məqamı xüsusi qeyd edir ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi müharibə yaşanmazdı. İşğalçı dövlət 28 il  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. Bu vacib məqam da diqqətə çatdırılırdı ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz.  Müharibə dövründə də Fransa illərdir ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Münaqişə ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması bu ölkənin erməni sevgisinə bir daha  işıq saldı.   Fransa Senatının işğalçı Ermənistanda yaşanan siyasi böhranı bir kənara qoyub “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnaməni tələsik müzairəyə çıxarıb, tələsik də qəbul etməsi də ermənilərə sıx tellərlə bağlı olduğunu təsdiqlədi. Bu, adi kağız parçasından başqa bir şey deyildi. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycanın Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Necə olur, işğalçını adı ilə çağırmaq birtərəflilik prinsipinə ziddir, münaqişənin həllinə mənfi təsir göstərə bilər, amma Ermənistana maddi və mənəvi dəstək olmaq, ən əsası qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq qəbulolunan və beynəlxalq hüquqa uygun qəbul edilir?

    Cənab  İlham Əliyev noyabrın 10-da xalqa müraciətində “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” bildirərək Azərbaycan,  Rusiya Prezidentlərinin  və Ermənistan baş nazirinin imzaladığı  Bəyanatın mətni ilə tanış etdi.

   Artıq Bəyanatın imzalanmasından 1 il 8 ay vaxt keçib. Bu müddətdə Ermənistanın Bəyanatın şərtlərinə zidd addımları diqqətdən kənarda qalmır. Azərbaycan beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda, sənədin imzalandığı ilk andan   Ermənistanı üçtərəfli Bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

   Yanvarın 11-də Moskvada keçirilən Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə də 10 noyabr Bəyanatından irəli gələn müddəaların icrası və prioritetlər müzakirə edilmiş, birgə Bəyannamə imzalanmışdır. Növbəti dövrdə Avropa İttifaqının vasitəçiliyi xüsusi diqqət çəkdi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminat olunmasında, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında maraqlı olan Avropa İttifaqı neytral vasitəçiliyi ilə tərəflərin maraqlarına uyğun yanaşma nümayiş etdirir, sülh müqaviləsinin imzalanmasına dəstək olmağa hazır olduğunu bildirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin  Brüsseldə görüşləri keçirildi. Brüssel gündəliyinin əsası qoyuldu.    

    Keçilən yola yenidən nəzər salmağımız səbəbsiz deyil. Artıq bugünümüzün reallıqlarından daha aydın şəkildə görünür ki, dünyanın əksər gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qururlar. Əvvəldə  istər 30 illik işğal, istərsə də müharibə dövründə ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin ikili standartlara əsaslanan siyasətini faktlar əsasında diqqətə çatdırdıq. Ermənistanın münaqişənin həllində danışıqlar prosesinə imitasiya naminə qatılması da ona olan dəstəkdən yaranan ərköyünlüyün nəticəsi idi. İşğalçı dövlət gah danışıqlar prosesinə qatılır, gah da müxtəlif bəhanələrlə yayınır, ya da hərbi təxribatlar törətməklə bu  səpgili danışıqların aparılmasına mane olmağa çalışırdı. Bu gün diqqət yetirsək, eyni ab-havanın yaşandığını qeyd edə bilərik. Belə ki, sülh təklifi gündəmdə olsa da Ermənistan onun reallığa çevrilməsi istiqamətində ümumiyyətlə bir addım belə atmaq istəmir.  İşğalçı dövlətin bu mövqeyinin şərhi zamanı daha çox səsləndirilən fikirlər sırasında Ermənitsanın bu yolla ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpasına nail olmaq istəyi dayanır. Lakin dövlət başçısı İlham Əliyev bununla bağlı konkret mövqeyini ortaya qoyub. Cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də bir daha bildirdi ki, yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur: «Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!»

   30 illik işğal dövründə Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, bu gün isə kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın öhdəliklərinin icrasından yayınmaqla hansı gərginliklərə yol açdığı göz önündədir. Belə ki, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər.  Nəticədə Azərbaycan əsgəri  Anar Kazımov şəhid oldu. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu «Qisas» əməliyyatı ilə malik olduğu imkanlarını yenidən təqdim etməklə yanaşı,  dəmir yumruğun yerində olduğunu nümayiş etdirdi. Baxmayaraq  ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışır, amma silahlı qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha  verilən dərsi onlara xatırladır. Ermənistan Xarici İşlər Nazirliyi ənənəsinə uyğun olaraq  yenə də ölkəsinə haqq qazandırıb Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda ittiham etsə də istər Azərbaycan Xarici İşlər Nazirliyinin  bununla bağlı məlumatı, istərsə də bəzi dünya güclərinin Qarabağ ətrafında yaşananlarla bağlı narahatlıqlarını ifadə etmələri bir çox məqamların açıqlanmasında yardımçıdır.     

    Qeyd etdiyimiz kimi, postmünaqişə dövrünün  əsas reallıqlarından olan  əksər dünya güclərinin Azərbaycanın mövqeyini dəstəkləməsi, Ermənistanın yürütdüyü siyasətə narazılıqlarını ifadə etmələri diqqətdən kənarda qala bilməz. Sual olunur ki, bu gün dəyişən nədir ki, 28 il həqiqəti görmək istəməyən dünya gücləri ədalətə və beynəlxalq hüquqa üstünlük verir, Azərbaycanın mövqeyini dəstəkləyirlər. Son təxribatla bağlı ABŞ, Fransa və Rusiyanın mövqeyinə diqqət yetirək.

 ABŞ Dövlət Departamentinin bəyanatında bildirildi ki,  ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq.

    Fransa Prezidenti Emmanuel Makron isə   Prezident İlham Əliyevə zəng etdi. Telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd etdi. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirdi.

ATƏT-in Minsk qrupuna digər həmsədr dövlət Rusiya da baş verən gərginlikdən narahatlığını ifadə etdi.  Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyəti Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə etdi. Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında   operativ müşavirə keçirən Vladimir Putin üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsinin zəruri olmasını israrla vurğuladı.

 Rusiya Xarici İşlər Nazirliyinin Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatında isə  Qarabağdakı insidentin diplomatik yolla həllinə çağırış edilir. Xarici İşlər Nazirliyi qeyd edir ki, Rusiya sülhməramlıları “yerdə” vəziyyətin sabitləşdirilməsi üçün bütün səylərini göstərir. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır. 10 noyabr  2020-ci il tarixli Bəyanatın müddəaları ciddi şəkildə  həyata keçirilməlidir.

Göründüyü kimi, dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməklə yanaşı, üçtərəfli Bəyanatın öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırırlar. Qeyd etdiyimiz kimi, bu, Azərbaycanın uğurlu siyasətinin nəticəsidir. Amma real olan budur ki, ölkəmiz 30 illik işğal dövründə də dəyişməz siyasətini yürüdərək dünyadan həqiqətlərə həqiqət gözü ilə baxımağı, ədalətli yanaşma ortaya qoymağı tələb edirdi. Bu gün Azərbaycan qalib ölkə  olaraq diktə edən tərəf kimi reallıqları qəbul etdirsə də, reallıq budur ki,  hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirmiş, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyib və bu gün də bu siyasət uğurla davam edir. Bu gün  Azərbaycanın mövqeyini həm sözdə, həm də əməldə  müdafiə edən dövlətlər o zaman kağız üzərində saralan qətnamələrin icrası üçün sözdən əmələ keçsəydilər müharibə yaşanmazdı. Demək, beynəlxalq münasibətlərdə əsas rol oynayan güc və beynəlxalq hüquqdur. 44 günlük İkinci Qarabağ müharibəsində «Dəmir yumruq», onun davamı olan «Qisas» əməliyyatı Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»