Ermənilər dəmir yumruğun növbəti ağır zərbəsini aldılar
44 günlük tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanat ölkəmizin qələbəsini və hərbi üstünlüyünü təsdiq edən, ən başlıcası isə təcavüzkar Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən bir sənəddir. Bu, çoxillik münaqişənin nizamlanmasına imkan verən tarixi hadisədir. Lakin Ermənistan hər zaman oduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə Bəyanatın imzalanmasından keçən 2 ilə yaxın müddətə baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Ən son təxribat isə avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmələri idi. Ən kədərlisi isə odur ki, terrorçuların təxribatı nəticəsində hərbi qulluqçumuz Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Məhz həmin andan, düşmənin terror-təxribat əməllərinə layiqli cavab verilməsi və şəhidimizin qanının alınması üçün əks –hücuma keçməklə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi «Qisas» cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Hazırda hərbi bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Qürurla deyə bilərik ki, ordumuzun antiterror əməliyyatı nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbələr endirilib, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Təbii ki, bu, dəmir yumruğun növbəti təntənəsidir və şəhidimizin qanının artıqlamsı ilə alınması deməkdir. Necə deyərlər, «Qisas» qiyamətə qalmadı və ermənilər dəmir yumruğun növbəti ağır zərbəsini aldılar.
Bundan sonra Ermənistan tərəfi ciddi şəkildə qəbul etməlidir ki, Bəyanatın müddəalarını nümayişkəranə surətdə pozması və onun tələblərinə əməl etməməsi onlara daha ağır nəticələr vəd edir.
Təbii ki, ordumuzun həyata keçirdiyi «Qisas» əməliyyatı anti-terror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. O cümlədən bütün dünya bilməlidir ki, hər bir Azərbaycan əsgəri və vətəndaşının həyatı Azərbaycan dövləti və xalqı üçün dəyərlidir Ona görə də heç bir əsgərimizin və vətəndaşımızın bundan sonra da qanı yerdə qalmayacaq. Terrorçular birmənalı şəkildə anlamalıdırlar ki, torpaqlarımızı tərk etməsələr eyni aqibətlə qarşılaşacaqlar.
İndi bütün dünya bilməlidir ki, Azərbaycan Ordusunu avqustun 3-dəki anti-terror əməliyyatlarına başlamağa məcbur edən məhz işğalçı Ermənistanın terrorçu hərbi birləşmələrinin hələ də Qarabağda olması və hərbi təxribatlara rəvac verməsidir. 10 noyabr Bəyanatında açıq şəkildə göstərilib ki, Rusiya sülhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Məhz avqustun 3-də həyata keçirilən «Qisas» əməliyyatı da buna xidmət edirdi.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması bir daha göstərir ki, onlar sülh müqaviləsini imzalamaqda hələ də ikibaşlı oyun oynayırlar. Ancaq bütün bunlara rəğmən Azərbaycan Ordusunun qarşısındakı hədəf erməni terrorçu dəstələrini məhv etməklə vətəndaşlarımızı Xankəndiyə, Xocalıya, Ağdərəyə, Əskərana və digər bölgələrimizə qaytarmaqdır. Bunun üçün Ermənistana verilən imkanlar da tükənmək üzrədir. Yaxın gələcəkdə ordumuzun Ermənistanın hərbi təxribatlarına qarşı daha böyük və geniş anti-terror əməliyyatlarına başlaması gözləniləndir. Təbii ki, Ermənistan bizim hərbi və iqtisadi gücümüz qarşısında acizdir. Hətta beynəlxalq himayədarlarından kömək istəsə belə, bu, onları məğlubiyyətdən qurtarmayacaq.
Elçin Zaman, «İki sahil»