2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatında qeyd olunmuşdu ki, Ermənistan ordusunun birləşmələri Azərbaycan ərazilərindən, o cümlədən Qarabağdan çıxarılmalıdırlar. Doğrudur, Ermənistanın müharibədə əzilib darmadağın olunmuş hərbi hissələrinin qalıqlarının böyük qismi çıxarılsa da, müəyyən qismi Qarabağda qaldı. Bundan sonra həyasızlıqda tayi-bərabəri olmayan məğlub ölkənin rəhbərliyi götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə gizli çəkildə Xankəndiyə əsgər göndərməyi davam etdirdi. Ermənistan hərbi komandanlığı çağırışçı gəncləri mülki geyimdə Xankəndiyə gətirir, burada hərbi paltar geyindirib silahlandırırdılar. Təbii ki, onlar bura diversiyalar və terrorlar törətmək üçün gətirilirdilər. Xocavənddə, Kəlbəcərdə, Ağdərədə, Laçında baş verən terror hadisələri, atəşkəsi davamlı pozmaq onların əsas vəzifəsi idi. Lakin bunun da üstü açıldı və rəsmi Bakı İrəvana təzyiqini daha da artırdı.
Bir neçə gün əvvəl başlanan "Qisas" əməliyyatı nəticəsində qanunsuz erməni hərbi hissələrinə ağır zərbələr endirilib. Ölən və yaralananların olduğu bildirilir. Bir neçə artilleriya qurğusunun, hərbi texnikanın və döyüş sursatının məhv edilməsi barədə məlumatlar verilir. Bir sıra hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Getdikcə dalana sıxışdırılan Ermənistan nəhayət, götürdüyü öhdəliyə əməl etməkdən başqa çarə olmadığını başa düşüb. Bu qondarma dövlətin başçıları anlayıblar ki, Azərbaycanın gözləmə limiti qurtarıb və onların yeni bəhanələrini qəbul etməyəcək, sərt tədbirlər görəcək. Ona görə də Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər artıq vaxtından əvvəl təcili tərxis olunurlar.
Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan özünün "Facebook" səhifəsində məlumat verib. O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir. “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, - deyə deputat yazıb. Hiss olunur ki, qəzəbindən boğulan deputat bunu həzm edə bilmir və sətiraltı olaraq büruzə verir.
Ancaq o da məlumdur ki, Ermənistan zabit kadrların bir hissəsinin hələ də Xankəndidə qalmasına çalışır. Həmin zabitlər guya yerli müdafiə hissələri ilə müqavilə bağlayaraq xidmətlərini orada davam etdirməyə qərar verirlər. Qısaca desək, ermənilər mümkün qədər torpaqlarımızda qalmağa, şübhəsiz ki, gələcəkdə hansısa fitnə-fəsadlar-terrorlar, diversiyalar törətməkdə israr göstərirlər. Ancaq belə məkrli niyyətlərin də qarşısını almaq çətin olmayacaq. Otuz il müharibəyə hazırlaşmış Ermənistan ordusu 44 gün ərzində darmadağın edilibsə, onun qırın-qırtıları heç əl-ayağa da dolaşmaq iqtidarında olmayacaqlar. Sadəcə olaraq, xəstə təxəyyüllü ermənilər özlərində saxta illüziya yaradırlar. Çünki Azərbaycanın hüquq-mühafizə orqanları Xankəndidə pasport rejimi yoxlaması aparanda həmin təxribatçı-terrorçular süpürülüb ölkəmizin sərhədlərindən bayıra atılacaqlar. Artıq Ağdərə və Laçın istiqamətində erməni quldurları gizləndikləri postlardan və yüksəkliklərdən qovulublar. Onlar Azərbaycan Ordusunun bir neçə əsgərinin ölümünə və yaralanmasına səbəb olmuşlar. Müqavimət göstərən erməni quldurlarından isə 19 nəfər yaralanmış, 4 nəfər öldürülmüşdür. Ancaq cinayət törədən ermənilərə bəraət olmayacaq, istər mülki şəxs olsun, istərsə də hərbçi olsun. Onlar Azərbaycan qanunlarına əsasən hərbi cinayətkar kimi cəzalandırılacaqlar. Heç bir cinayətdə iştirak etməyənlər və Azərbaycanın qanunlarına tabe olan vətəndaşlar isə rahat yaşamağa davam edə bilərlər. Hadisələrin inkişafı belə düşünməyə əsas verir ki, Xankəndidə pasport rejiminin yoxlanmasına az qalıb.
Azərbaycan torpaqlarında qan tökməyə gələnlər nəhayət, birdəfəlik rədd olub getməlidirlər. Qalanlar olsa, "Qisas"ın öldürücü zərbəsini öz üzərlərində hiss edəcəklər, ikinci yol yoxdur.
Vəli İlyasov, "İki sahil"