04 avqust 2022 00:54
945

“Milli Şura” sədrinin “proverka”sı

Məlum oldu ki, onun yerinə papaq sulayanlar varmış

İnsan nə qədər oynayar? Bunlar otuz dörd ildi oynayırlar, ancaq nə yorulurlar, nə də doyurlar. Söhbət Cəmil Həsənlidən, Əli Kərimlidən və oyuna gec gəlib güclü gələn Gültəkin Hacıbəylidən gedir. Uşaq şeiri var, "pişiyim ala boyundu, işi tamam oyundu." Bunların oyunları lap ona oxşayır.

Bir neçə gün əvvəl varlığı-yoxluğu bilinməyən "Milli Şura"nın sədri Cəmil Həsənli  gözlənilmədən ortalığa çıxaraq şok xəbər yaydı, aləmə car çəkdi ki, bəs istefa verirəm. O, bu fikri deyib də durdu. Ancaq neçə gündür gözləri yollarda qalanlar artıq dilə gəliblər ki, əşi, deyirsən istefa verirəm, bəs niyə dirəşib-durmusan, çıx get, dəə! Amma hələ də Cəmil Həsənlidən heç bir səs-soraq yoxdur. O, gözlənilməz surətdə yenə yoxa çıxıb, bir kimsəyə nə hay verir, nə cavab. Laməkan həyat sürən sədrin ilin hansı çağında Bakıda, okeanın o tayında və ya Londonda olması müəmmadır, gah burda "zöhr" edir, gah da orda-burda. Bir də görürsən ki, bir gecənin içində yoxa çıxdı, ertəsi gün səsi ya okeanın o tayından, gah da London küçələrindən gəlir. “İş” adamıdır, ağaları çağırır, o da getməli olur. Necə deyərlər, buyuruq quludur, ağa deyir, sür dərəyə, o da sürür dərəyə. Buyuruqların hamısı ödənişlidir axı. Müftə heç nə yoxdur, həmişə ortada babat məbləğdə "yaşıl" pullar olur. Bu başqa mövzudur və bu barədə sonra danışarıq. Hələlik çeynənən mövzu Həsənlinin istefa məsələsidir.

Onun kreslosu üçün ağzı sulananların isə səbri-qərarı lap tükənib. Radikal müxalifətçilərin gəlinbacısı Gültəkin Hacıbəyli Həsənlinin "istefa" məsələsinə münasibət bildirərkən naz-qəmzə nümayiş etdirərək deyib ki, dəfələrlə sədrliyi mənə təklif etsələr də, mən qəbul etmək istəmirəm. Bu fikri xüsusi vurğu ilə bir neçə dəfə  təkrar edən gəlinbacının əzməcəli-büzməcəli jestlərindən məlum olub ki,  gəlinbacı gözünün içinə qədər yalan danışır. Əslində bu vəzifədən ötrü lap ürəyi də gedir, ona görə də tez-tez, riyakarlıqla "mən razı olmuram" -deyir, yəni, guya özünü ağır aparır. Özü də bu sözləri yırğalana-yırğalana elə tonda deyir ki, başdan-ayağa razılıq tökülür. Bu rolda gəlinbacı "Böyük dayaq" filmindəki yastı Salmanın qız qardaşına çevrilir. Əlqərəz, Cəmil Həsənli hekayəti bununla bitmir.

Belə məlum olur ki, “Milli Şura” sədrinin istefası yalnız AXCP sədri Əli Kərimliyə sərf etmir. Çünki bu gedişlə onun bəzi planları pozula bilər.   Səbəbi də budur ki,  bir çox hallarda onlar "arkadaşlıq" edərdilər. Bəs bundan sonra necə olacaq? Əli Kərimlini bax, bu sual karıxdırır. Axı, "Milli Şura" sədri onun sağ əli idi, çaldığı havalara yaxşı oynayırdı. Xaricdən göndərilən ianələrin bölüşdürülməsində bir  çox hallarda ortaqlıq edirdilər. Düzdür, Kərimli bölgülərdə çox vaxt ustalıqla ona kələk gəlsə də,  "Milli Şura" sədri etiraz etmir, aza da "bərəkət"deyib qatlayıb cibinə qoyardı, aralarında söz-bez olmazdı. Bu, təbii ki, Kərimlinin xoşuna gəlirdi. İndi dərd AXC sədrinin canına dolub ki, belə "quzu sədri" haradan tapacaq?

Bunlar bir tərəfdə qalsın, maraq orasındadır ki, müxalifətdən iki kişi çıxıb demir ki, ay Cəmil müəllim, hara gedirsən, niyə gedirsən, sən sədrsən axı? Belə məlum olur ki, "Milli Şura" sədrinin istefası bunların hamısının ürəyindəndir. O da açıq hiss olunur kişinin yerinə göz dikənlər çoxdur.  Ancaq Cəmil Həsənli hələ rəsmən istefa verməyib, bəlkə bir sözdü ağzından qaçırıb, indi də peşman olub? Bəlkə də ətrafındakıları yoxlayır ki, görsün onu istəyən kimdir, istəməyən kim? Bəlkə də zarafat edib? Amma hər nədirsə onun bu “proverka”sı radikalların içində əməlli-başlı ajiotaj yaradıb. Yerinə papaq sulayanlar dayanmaq-durmaq bilmirlər. Hər halda bir rəsmi açıqlama gözləmək lazımdır yoxsa-yox? Rəhmətlik Səyavuş Aslan deməli, "kişi hələ rəhmətə getməyib..."

Vəli İlyasov, "İki sahil"