Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. Bu özünü ilk növbədə davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin daha da yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində özünü göstərir. Eyni zamanda da idarəetmədə aparılan islahatlar ölkədə korrupsiya və rüvətxorluğa qarşı həyata keçirilən mübarizə tədbirləri fonunda dövlət strukturlarında böyük təmizləmə işləri ilə müşayiət olunur. Dövlətimizin başçısı İlham Əliyev hər dəfə rayon icra hakimiyyətlərinin başçılarını vəzifəyə təyin edərkən onları qəbul edir, müvafiq göstərişlərini və tövsiyələrini verir. Prezidentin tapşırıqları içərisində vətəndaş amili ön planda dayanır. Xalqın arasında olmaq, onlarla söhbətlər aparmaq, problemlərini öyrənmək, onun aradan qaldırılması istiqamətində addımlar atmaq, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri Prezident onların qarşısında ən ali vəzifə kimi qoyur. İyulun 25-də Ölkə Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, bu gün hakimiyyət təmizlənir və insanlar bunu görürlər.
Dövlət başçısı ilk olaraq vurğuladı ki, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları öz müsbət nəticələrini verir. Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur layihələri icra edilib və uzun ilər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Yeni iş yerlərinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Prezident Azərbaycanda demoqrafik vəziyyətin müsbət dinamikasına da diqqət çəkdi: “Ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda , ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır”.
Şəhid ailələrinə, müharibə əlillərinə xüusi diqqət və qayğının göstərilməsinin vacibliyindən danışan cənab ölkə başısı qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik avtomobili verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Cənab Prezident bildirir ki, rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Lakin bəzən təyin edilmiş məmurların məsuliyyətsiz fəaliyyəti vətəndaşları narazı salır, aparılan islahatlara kölgə salır, insanlarda haqlı olaraq ümidsizlik hissi yaradır. Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən yayınmır. Məmur-vətəndaş münasibətləri vətəndaş məmnunluğu üzərində qurulmalıdır. İcra başçıları bütün kəndlərdə olmalı, əhalinin qayğıları ilə yaşamalı, onları narahat edən problemləri öyrənməlidir. Onlar öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidir. Sosial ədalət, sağlam cəmiyyətin təməl prinsiplərindəndir. Bu prinsip imkan verir ki, insanlar daha normal şərtlər daxilində yaşasın. Bu isə məmurdan optimal idarəetmə, yaradıcılıq, adekvatlılıq, insanlarla ünsiyyət qurmaq və digər bilik və bacarıqlar tələb edir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Ruslan Qasımov,
YAP Xətai rayon təşkilatının üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini,
"Qeyd” İB-nin Debat klubunun rəhbəri, Türkiyədə Atatürk Düşüncə Birliyinin fəxri üzvü