Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra öz fəaliyyətini xüsusi proqramlar əsasında qurdu. Regionların inkişaf etdirilməsi ön plana çəkildi. Çünki regionlar inkişaf etmədən ölkədə ümumi inkişafa nail olmaq qeyri-mümkün idi. Ona görə də 2004-cü ildən başlayaraq Azərbaycanda hər dörd ildən bir Dövlət Proqramı icra olunur. Bu, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarıdır. Hər bir orta yaşlı azərbaycanlı çox gözəl xatırlayır ki, müstəqilliyin ilk illərində ölkəmizdə müasirlikdən danışmaq mümkün deyildi. Çünki bütün infrastruktur köhnəlmişdi. İstehsal sahələri demək olar ki, yox dərəcəsində idi. Bu gün isə vəziyyət tamamilə fərqli və ürəkaçandır. Qarşıdakı onilliklərdə biz daha möhtəşəm Azərbaycanı görəcəyik. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar olacaq.
Dövlət başçısının verdiyi tövsiyələrin əsasını Vətənə sevgi, regionlarda yaşayan insanların sosial-rifah halının daha da yaxşılaşdırılması təşkil edir. Eyni zamanda, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm tərkib hissələrindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Təbii ki, insanların sosial-rifah halının yaxşılaşdırılması yeni iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılması ilə bağlıdır. Əlbəttə ki, bu istiqamətdə ciddi işlərin görülməsinə misal olaraq rayonlarda- regionlarımızda sahibkarlıq subyektlərinin inkişafını göstərmək olar.
Müasir müstəqil Azərbaycanın hər bir güşəsində bütün sahələrin inkişafına diqqət göstərilir. Yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər göz önündədir. Regionlarımızda yolların təmir və bərpa işləri də sürətlə davam etdirilir. Çünki əgər müasir yollar olmazsa, istehsal olunan məhsulları mənzil başına çatdırmaq üçün fermerlər, istehsalçılar müəyyən çətinliklərlə rastlaşarlar. Bir sözlə, qalib Azərbaycanın bütün regionlarında aparılan iqtisadi islahatlar dərinləşir. Prezident İlham Əliyev yeni iqtisadi çağırışlara əsaslanan demokratik dövlət quruculuğu yolunda inamla, yorulmadan çalışır, sürətlə dəyişən müasir dünyada daha effektiv və özünü doğruldan modellərin tətbiqinə üstünlük verir.
İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bəyan etdi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb: “Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.
Sözügedən qəbulda həmçinin yeni iş yerlərinin yaradılması məsələsinə toxunan ölkə başçısı İlham Əliyev bildirdi ki, sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər: “İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir”.
Qarşıda duran əsas məqsədlərdən biri regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Ülvü Abbasov,
YAP-Xətai rayon təşkilatının məsləhətçisi