02 avqust 2022 14:37
469

Yeni iş yerlərinin açılması prosesi daimi xarakter alıb

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Regionların sosial iqtisadi inkişafına dair ilk Dövlət  proqramının qəbulu  bölgələrin inkişafında yeni mərhələnin əsasını  qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda  4-cü Dövlət proqramının icrası  digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə  və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər  planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində  mühüm tapşırıqlar verir. Regionlarda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib.

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan bəhs edərək bildirdi ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq. Dövlət başçısı qeyd etdi ki, infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Bölgələrdə yaradılan  şərait, infrastruktur layihələrinin uğurlu icrası sahibkarlığın inkişafına geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev bu günlərdə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də sahibkarlığın, qeyri-neft sektorunun  inkişafının bundan sonra da prioritet olacağını bildirdi.

Ləman İsgəndərli,
YAP-Xətai rayon təşkilatının fəal gənci