02 avqust 2022 22:11
789

Jurnalistikada reketçilik söz və ifadə azadlığına ən böyük zərbədir

Baş prokuror bu sosial bəla ilə hüquqi mübarizənin anonsunu verdi

Önəmli faktdır ki, cəmiyyətin saflaşmasında və mütərəqqi dəyərləri əxz etməsində mətbuatın rolu danılmazdır. Bu mənada, qərəzsiz və obyektiv KİV-lər insanlarımıza Vətəni və onun tarixini qorumaq, milli adət və ənənələrimizə sahib çıxmaq üçün əlavə stimul verir. Eyni zamanda, indi ölkəmiz elə bir həssas tarixi dövrünü yaşayır ki,  KİV-lərimizin maarifləndirici, əxlaqi dəyərləri təbliğ edən verilişlərə və yazılara daha çox önəm verməsi zərurəti yaranır. Bu səbəbdən  onların üzərinə daha böyük məsuliyyət düşür. Eyni zamanda, indi milli mətbuatımızın üzərinə düşən çox mühüm vəzifələrdən biri də liberal iqtisadiyyatda, yəni bazar münasibətlərinin bərqərar olduğu dövrdə milli-mənəvi dəyərləri qorumaqdır. Bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi birmənalıdır və Prezident İlham Əliyev çıxışlarının birində demişdir: «Biz milli-mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verə bilmərik...»    

Əslində, bu gün Azərbaycan dövləti güclü KİV-in olmasında maraqlıdır. Ona görə ki, nüfuzlu televiziya və mətbuatı olan ölkədə  dövlət mövcud nöqsanları görür və həllinə nail olur. Bu prinsipi ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: « Mənə məlum olmayan nöqsanları araşdırıb göstərən jurnalistə minnətdar olaram.» Eyni prinsip Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli şəkildə dəyərləndirilir.  Xüsusən,  Azərbaycan hökuməti  qərəzsiz və obyektiv tənqidə dərhal reaksiya göstərməklə mətbuatın cəmiyyətdəki nüfuzuna yeni stimul verir. Ona görə də bu gün Azərbaycan söz və fikir azadlığının  bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkan kimi tanınır. Uzun bir yol keçən milli mətbuatımıza müstəqillik dövründə daim diqqət və qayğı göstərilib və bu davamlıdır. Belə ki, dövlətimizin inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmaqla yanaşı, rəqabət qabiliyyətini daha da yüksəltmişdir. Əhalinin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir.

Lakin bütün bu müsbət tendensiyalarla yanaşı ölkə mətbuatında neqativ təzahürlər də müşahidə olunur.  Belə ki, cəmiyyətimizdəki azad və demokratik media mühitindən sui-istifadə edənlərin sayı artır. Hətta qaragüruhçu və şantajçı jurnalist fəaliyyətinə uyğun olaraq «reket jurnalistika» kimi bərbad bir ifadə də gündəmə gəlib. Düzdür, uzun müddət «reket jurnalistlər»ə qarşı medianın özünütənzimləmə imkanları çərçivəsində mübarizə aparılsa da, təəssüf ki, mübarizəni məntiqi  sona çatdırmaq, «reket jurnalistika» ilə bağlı problemlərin kökünü tamamilə kəsmək mümkün olmayıb. Azərbaycan jurnalistikasına qara ləkə olan və reketçiliyi fəaliyyətinin başlıca məqsədinə çevirənlərlə mübarizə son zamanlar daha da gücləndirilib.  Məhz çap mediasında «reket jurnalistikası»na qarşı effektli tədbirlər sayəsində bu gün  həmin neqativ qüvvələrin sayı azalır. Lakin narahatedici məsələ burasındadır ki, həmin «reketlər» bu məsələni virtual müstəviyə daşıyaraq, yenidən öz fəaliyyətlərini genişləndirirlər.

Məlumdur ki, onlayn media olduqca sürətli və yeni bir sahədir. Bunun qarşısını almaq üçün artıq yeni sistemlər, mübarizə üsulları formalaşdırılmalıdır. Mətbuat üzrə ekspertlərin qənaətincə, «reket jurnalistika» ilə mübarizənin ən səmərəli üsulu onların hüquq müstəvisində və ciddi şəkildə cəzalandırılmasıdır. Məhz həmin  amilləri diqqətə çatdıran Azərbaycan Respublikasının  Baş prokuroru Kamran Əliyev «Real» televiziyasına müsahibəsində bu barədə bildirib ki, «reket jurnalistikası» cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunaraq, onların barəsində qanunamüvafiq tədbirlər görülür.

Kamran Əliyev müsahibədə xüsusi vurğulayır ki,  bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər: «Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsələn, «Tərtər işi» ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik.»

Bəli, «reket jurnalistlər»in konkret məqsədi olur. Onlar maddi maraqları üçün mətbuatın adından sui-istifadə edir və insanlara hədə-qorxu gəlirlər. Bəzi informasiyaları sifarişlə həyata keçirirlər. Təbii ki, bütün bu rəzilliklərə qarşı mübarizə üçün yeni və daha kəskin hüquqi baza yaradılmalıdır. Çünki mətbuatda reketçilik, qarayaxma Azərbaycan mənəviyyatına, milli dəyərlərimizə də ziddir.

Baş prokuror məlum müsahibəsində vurğulayır ki, hər bir vətəndaş bununla bağlı öz mövqeyini bildirməli, «reket jurnalistlər»lə mübarizəyə qoşulmalıdır. Azərbaycançılıq ideologiyasına sadiq olan peşəkar jurnalistlər reketçilərə qarşı səmərəli mübarizə aparmalıdırlar. Televiziyalar və qəzetlər də bu məsələdə öz fikirlərini çəkinmədən deməlidirlər: «Əslində, «reket jurnalistika» deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. «Reket jurnalistika» da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələbetmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələbetmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, sırf cinayətkar bir fəaliyyətdir.»

Bəli, Azərbaycan hüquqi dövlətdir və burada qanunların aliliyi ölkə başçısı tərəfindən daim qorunur. O cümlədən, ölkəmizdə təkmilləşən və daim islahatlara açıq olan hüquq- mühafizə orqanları da «reket jurnalistikaya» qarşı barışmaz mövqe sərgiləyir. Faktlara əsaslanaraq demək olar ki, son bir ildə həbs edilən "reket jurnalistlərin" sayı xeyli artıb. Onlar məhkəmələr tərəfindən layiqli cəzalarını alıblar. Ən önəmlisi isə odur ki, Azərbaycan ictimaiyyəti jurnalist adına ləkə olanların həbsinə müsbət reaksiya verir.

Elçin Zaman, "İki sahil"