Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi konsepsiyası cənab Prezident İlham Əliyev tərəfindən bu gün böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir. Bugün ölkədə idarəetmədə çox ciddi islahatlar, təmizləmə işləri aparılır.
Ümumiyyətlə dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir.
Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur.
Məhz cənab Prezident İlham Əliyev Masallı, Göygöl və Lerik rayonlarına yeni icra başçısı təyini zamanı bu kimi milli dövlətçiliyin inkişafı baxımından çox aktual olan məsələlərdən bəhs edərək bildirmişdir ki, yeni kadrlar ilk növbədə rayonlarda vəziyyəti geniş təhlil etməli, qarşıya çıxacaq nöqsanları aradan qaldırılmalıdırlar. Çünki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib ki, bu da uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxması deməkdir.
Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri, müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib ki, bütün bunlar rayonların sosial-iqtisadi inkişafına çox böyük töhfə olmuşdur. Əlbəttə ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. İşsizliklə bağlı mübarizədə də ciddi addımlar atılmış, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Əfsuslar olsun ki, rayonlara ayrılmış kvotalar üzrə işlərə cəlb ediləcək insanlara bu işlərə görə almalı olduqları vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir. Bunun nəticəsi olaraq da bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmiş, bəzilərinin hökmü verilmiş, bəzilərinin işləri isə hələ də məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.
Prezident İlham Əliyev vətəndaş-məmur məsələsinə toxunarkən qeyd etmişdir ki, dövlət məmurları daim insanlarla təmasda olmalı, bütün kəndlərdə camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri məhz onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Şübhəsiz ki, dövlət məmuru fəaliyyətində sosial ədalət prinsipinə əməl etməlidir. Çünki, sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib, paralel olaraq da ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir.
Cənab Prezident qəbul zamanı Şəhid ailələri ilə bağlı məsələlərə xüsusi toxunaraq vurğulamışdır ki, Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı və məşğulluğu ilə maraqlanmalıdırlar. Çünki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində əldə edilmiş Qələbəni - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcludur. Şübhəsiz, bu məsələdə dövlət qətiyyət göstərib və bu gün də göstərir. Biz də öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, bizim dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir.
Şəhid ailələrinə daim diqqətin göstərilməsi ilə məsələdə heç kəs bir nüansı unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, sağlamlığını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, eləcə də hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Cənab Prezident yeni icra başçılarının diqqətinə onu da çatdırmışdır ki, bu gün idarəetmədə çox ciddi islahatlar, təmizləmə işləri aparılır ki, bunu da insanlar görürlər.
Ümumiyyətlə hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunur ki bu da bir çox problemlər aradan qaldırılmasında öz müsbət nəticəsini verməkdədir. Məhz bizim dövlət siyasətimiz də bundan ibarətdir.
Bugün Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra, ədalətsizliyə də son qoyuldu, dəmir yumruq və el gücü ilə tarixi ədalət də bərpa edildi. Artıq Azərbaycan xalqı müzəffər xalq kimi, ləyaqətlə yaşayır. Biz də bugün ölkəmizdə işləri elə qurmalıyıq ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın.
Natiq QULUZADƏ,
YAP Zəngilan rayon təşkilatının sədri