02 avqust 2022 23:16
858

Xalqı birləşdirən ən böyük dəyər onun dilidir

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldırdı. Fonetik ahənginə görə qeyri-adi gözəlliyə, zəngin qrammatik quruluşa malik doğma dilimiz bayatılar, laylalar, dastanlar vasitəsilə əcdadlarımızdan bizə qalan sərvətimizidir. Xalqın varlığı, yaşaması onun dilinin yaşaması və inkişafı ilə bağlıdır. Dünyada bir çox xalqlar, millətlər mövcuddur ki, onların doğma dilləri get-gedə silinir, yaddan çıxır.

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Ulu öndərin Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı xalqımız üçün tarixi hadisədir.

Ümummilli Liderimiz ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk aylardan dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində dövlət siyasətinin təməlini yaratdı. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesinin gücləndiyi 70-ci illərdə Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyevin gördüyü işlər, verdiyi qərarlar həmin dövr üçün ən cəsarətli addım idi. 1969-cu ilin oktyabrında Bakı Dövlət Universitetinin 50 illik yubiley yığıncağında Heydər Əliyevin  hamının gözlədiyi kimi, rus dilində deyil, Azərbaycan dilində nitqinə başlamasının özü bir ildırım effekti yaratdı. Bu, bir həqiqətdir ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi keşiyində durub və bu sahədə çalışanların əməyinə yüksək qiymət verib. “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərir”- sözləri həmin qiymətə böyük dövlət adamının hansı dərəcədə həssaslıqla yanaşdığının göstəricisi kimi yadda qalacaq.

Azərbaycan dilinin inkişafında xidmətləri ilə Heydər Əliyev özü həmişə nümunə olmuşdur. O hesab edirdi ki, şəxsi nümunədən təsirli hansısa bir vasitə yoxdur. Aradan keçən əlli illik müddət Ümummilli Liderin başladığı və bu gün də dil sahəsində dövlətin aparıcı siyasətini təşkil edən kursun düzgünlüyünü təsdiq edir. Bunun üçündür ki, Azərbaycan dilinin inkişaf etdirilməsində, qiymətləndirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini hətta onun siyasi opponentləri belə etiraf edirlər. Ümummilli liderin ana dilimizin inkişafı ilə bağlı hələ sovet dövründən başlayaraq yürütdüyü siyasət, gördüyü işlər onun ikinci dəfə suveren Azərbaycan Respublikasının rəhbərliyinə gəlişindən sonra daha inamlı davam etdirildi. Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyamızın 1995-ci ildə qəbulu zamanı 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapması sonradan ana dilimizin inkişafını daha da gücləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ardınca 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunması bu yönümdə atılan əsaslı addımlardan biri idi. Dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi dilin barometri olan dilçiliyin inkişafı üçün əsas sənədlərdən oldu.

Prezident İlham Əliyevin Azərbaycan dili haqqında söylədiyi - "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir"- tarixi kəlməsi ana dilimizin əbədi olaraq yaşayacağını əmin edir.

Loğman Müslümov, 
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müavini