01 avqust 2022 22:50
773

Hədəf məmurların xalqa daha vicdanla və ləyaqətlə xidmət etməsinə nail olmaqdır

Danılmaz faktdır ki, dövlət qul­luqçularının fəaliyyətinin səmərəliliyi cəmiyyətin hərtərəfli inkişafına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, eləcə də dövlət–vətəndaş münasibətlərinin yaxşılaşmasına verilən töhfə ilə ölçülür. Ona görə də Prezident İlham Əliyev çıxışlarında hər bir dövlət qulluqçusunun davranışının cəmiyyət üçün nümunə olmasının əhəmiyyətinə toxunur, vətəndaşın problemlərinin həllində üzərinə düşən öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsinin ölkənin hərtərəfli inkişafı baxımından zəruri amil olduğunu diqqətə çatdı­rır. Ölkə başçısı dövlət qulluqçularını həmişə xəbərdar edir ki, məmurlar daim insanlarla təmasda olmalı, onların problemlərini həll etməyə çalışmalıdır­lar. Prezident həmişə vurğulayır ki, hər bir dövlət məmuru xalqa xidmət etməlidir.

Ölkəmizin başçısı İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqətə çatdırıb ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalı­dır. Təbii ki, zaman keçir, həyat dəyişir, bütün məsələlərdə işə yanaşmalar dəyişir. Buna görə də, dövlət qulluğunda işləmək üçün insanlar, sadəcə, peşəkar deyil, həm də insanlarla işləməyi bacarmalıdırlar. Ən əsası isə öz ölkəsinə, xalqına sadiq olmalıdırlar. Prezident İlham Əliyev yeni icra başçıları ilə görüşündə onların qarşısına konkret vəzifələr qoydu: «Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz».

Qürurverici haldır ki, bu gün Azərbaycan sosial dövlət statusunu möhkəmləndirməkdə davam edir. Sosial ədalətin və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində kompleks addımların atılması, sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlət yürüdülən sosial siyasətlə hər zaman və bütün məsələlərdə vətəndaşın yanın­da olduğunu təsdiqləyir. Xüsusən də sosial sahədə həyata keçirilən tədbirlərin miqyasına görə Azərbaycan fərqlənir. Dövlətin sosial siyasətinin nəticələri istis­nasız olaraq əhalinin bütün təbəqələrini əhatə edir. Buna görə də, dövlət sosial ədalət prinsiplərinin qorunmasını özünün mühüm vəzifəsi hesab edir və bu prinsiplərə əməl olunmasını strateji vəzifəsi sayır. Prezident İlham Əliyev yeni icra başçılarının diqqətinə çatdırdı ki, onlar fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər: «Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq».

Ölkəmizdə mövcud olan xoş mənzərə belədir ki, bu gün Azərbaycan cəmiyyəti həmrəydir, ölkədə gedən iqtisadi-siyasi islahatları dəstəkləyir. Bəli, məhz Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi sosial ədalət prinsipinin daha da genişlənməsidir. Təbii ki, Azərbaycan vətəndaşları bu qayğını daim hiss edirlər. Çünki ölkəmizin iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətləri və uğurları gündən-günə genişlənir. İqtisadi və müdafiə qüdrəti, elmi-texniki inkişaf, ölkənin bütün sahələrdə tərəqqisi onu regi­onun qabaqcıl dövlətlərindən birinə çevirib. Ölkəmizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən sosial siyasət vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, problemlərinin həllinə, cəmiyyətdəki neqativ halların aradan qaldırılma­sına, insanların gündəlik tələbatının ödənilməsinə xidmət edir. Xüsusilə də şəhid ailələrinə, qazilərə və veteranlara dövlət qayğısı gücləndirilir. Prezident İlham Əliyev bununla bağlı diqqətə çatdırıb ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: «Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qa­rabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir». Ölkə başçısı xüsusilə vurğulayıb ki, qələbəyə görə şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq.

Bununla belə, dövlət başçısı dövlət qulluqçularına bir daha xəbərdarlıq edib. Bildirib ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimizin olduqlarını heç kəs unutmamalıdır: «Onlar öz canla­rını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onla­rın problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir».

Siyasi fəaliyyətində dürüstlüyün və şəffaflığın bərqərar olmasına  önəm verən Prezident İlham Əliyev bu məsələdə vətəndaşların, xüsusilə də həssas sosial təbəqələrdən olan vətəndaşların problemləri ilə bilavasitə bağlı olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyur. Bir sözlə, Azərbaycan vətəndaşlarının gündəlik həyatda qarşılaşdıqları hər hansı problemi həll edərkən dövlət orqanlarının diqqətli və nümunəvi davranışı hazırda dövlət orqanlarının qarşısında dayanan mühüm vəzifədir və bu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini tələb edir.

Prezident İlham Əliyev yeni icra hakimiyyətləri başçılarına regionların inkişafının diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb və onların inkişafa təkan verəcək təşəbbüslərlə çıxış etmələrinin vacib olduğunu nəzərə çatdırıb: «Ra­yonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahib­karlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür».

Dövlət başçısı tapşırıq verib ki, icra hakimiyyəti rəhbərləri fəallıq göstərərək, istər yerli, istərsə xarici sahibkarları rayonlara cəlb etməlidirlər. Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialının çox zəngin olduğunu nəzərə çatdıran Prezident bu rayonları turizm mərkəzinə çevirməyin əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Təbii ki, ölkəmizin tərəqqisində məmurların xidməti danılmazdır. Ancaq yeni dövrün tələbləri hər bir dövlət qul­luqçusundan yüksək davranış tələb edir, onların qarşısında ölkə rəhbərliyinin tap­şırıq və göstərişlərinə yüksək səviyyədə əməl etmək vəzifəsi qoyur. Xüsusilə də sürətlə inkişaf edən Azərbaycanın tərəqqisinə mane olan faktorların aradan qaldırılmasında məmurlar daha fəal olmalıdır. Prezident İlham Əliyev bu barədə bildirib: «Azərbaycan sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağın­dadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.»

Elçin Zaman, "İki sahil"