Xarici havadarlarının məsləhəti ilə düzüb-qoşduqları “hərbi əsirlər”, Qarabağda “erməni irsi”nin “vandalizmlə” üzləşməsi və s. kimi layihələr ifşa edilsə də, yenə də kor tutduğunu buraxmayan kimi erməni rəsmilər də sözügedən yalanların quyruğunu buraxmaq istəmirlər
Hər zaman uydurma ittihamlarla çıxış edən Ermənistan təmsilçiləri öz yalanları ilə beynəlxalq təşkilatları yenə də aldatmaqla məşğuldurlar. Növbəti ağ yalanları Çexiyada işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan danışıb. Görüşlərində Mirzoyan əsas fəaliyyətini Azərbaycana qarşı qarayaxmalar üzərində qurub. Çexiya rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Bütün vasitələrlə Azərbaycan barəsində “işğalçı” obrazı yaratmağa çalışıb. Mirzoyan iddia edib ki, 44 günlük müharibə ermənilər üçün humanitar problemlər yaradıb və bu, hələ də qalmaqdadır. Diversantları “hərbi əsir” kimi təqdim edərək onların azad olunmasından, Qarabağda “erməni irsi”nin “vandalizmlə” üzləşməsindən danışıb. Eyni zamanda ümumbəşəri dəyərlərin tərkib hissəsi olan “erməni abidələri”nin qorunub-saxlanmasının vacibliyini vurğulayıb. İddia edib ki, guya Azərbaycanın nəzarətinə keçən ərazilərdə “erməni irsi”nə aid abidələrin vandalizmə məruz qalması davam edir və bu səbəbdən Çexiyadan imdad diləyib. Mirzoyan xüsusilə vurğulayıb ki, güc tətbiqi nəticəsində formalaşan reallıqlar sülh üçün möhkəm zəmin yarada bilməz.
Göründüyü kimi erməni həyasızlığı sərhəd tanımır. Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü bu cür yalan və iftira dolu iddialar onların riyakarlığının, ikiüzlülüyünün daha bir bariz nümunəsidir. Azərbaycan beynəlxalq hüququn aliliyinə, məhbusların tutulması əməliyyatları, onlarla rəftara aid beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi və həmçinin beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxmış və geri qaytarmışdır. Lakin döyüş əməliyyatları bitdikdən sonra Ermənistan ərazisindən 60 nəfərdən çox dəstə Azərbaycan ərazisinə daxil olaraq mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror hücumları həyata keçirərək beynəlxalq hüququn prinsiplərini pozmuşdur və Azərbaycan tərəfi haqlı olaraq həmin şəxsləri qanuni əsasda həbsdə saxlayır. Amma 4 may 2021-ci ildə ölkəmiz humanitar addım ataraq saxlanılan şəxslərdən bir neçəsini Ermənistana qaytarmışdır. Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq ölkəmiz saxlanılan şəxslərin şəraiti, onlarla rəftar ilə bağlı şəffaflığı təmin edərək araşdırmanı davam etdirir və bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır.
Digər bir məsələ, müharibədən sonra Azərbaycana gəlib işğaldan azad edilən torpaqlara səfər edən bütün beynəlxalq təşkilatların nümayəndələri, hökumət və dövlət başçıları erməni vandalizminə şahidlik ediblər. Ərazilərdə erməni faşizmi tərəfindən bir kəndin, bir şəhərin belə salamat saxlanılmadığının, maddi-mədəni abidələrimizin yerləyeksan edildiyinin, təbii sərvətlərimizin talandığını gözləri ilə görüblər. Əcnəbi qonaqlar, jurnalistlər, eyni zamanda qəsbkarın bu torpaqları başdan-başa minalayaraq “barıt çəlləyinə” çevirməsinin də şahidi olublar. Yüzlərlə əcnəbi jurnalist, bloqçular işğaldan azad olunmuş ərazilərimizdə dağıdılan mədəni-dini abidələrdən reportajlar hazırlayıb dünyaya təqdim etdilər. Bu faktları müxtəlif beynəlxalq təşkilatlar da gördü və izlədi. Bir sözlə, dünya 44 günlük savaşdan sonra belə bir həqiqətə şahidlik etdi ki, işğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın saysız-hesabsız tarixi, mədəni, dini abidələri məhv edilib. Hələ birinci Qarabağ savaşında, daha dəqiq desək 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olub, 4866 nəfər itkin və əsir düşüb, girov götürülüb. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdu. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına yüz milyardlarla ABŞ dolları ziyan dəymişdir. Əsl vandalizm budur! Nə qədər gec deyil dünya birliyi və terrorçu Ermənistanın havadarları onları tutduqları bu yoldan döndərməlidirlər. Əks təqdirdə Azərbaycan yalançı və böhtançının istənilən cəhdinə və həmləsinə layiqincə cavab verəcək.
Sevinc Azadi, “İki sahil”