01 avqust 2022 15:54
757

Ana dilimizin qorunması Ulu Öndərin misilsiz xidmətlərinin nəticəsidir

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.

Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsilə çatdırır. Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın çətin sınaqlarından keçsək də dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Hələ Səfəvilər kimi böyük və nüfuzlu dövlətin dövlət dili azərbaycan dili idi, həmçinin Xalq Cümhuriyyəti dövründə qısa müddət də olsa rəsmi dövlət dili olaraq aparıcı, əhəmiyyətli mövqeyə malik dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var.

Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributlardan biri kimi inkişaf etdirildir. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilimizin inkişaf etməsi üçün yeni yollar açdı. Hətta 1995-ci il noyabr ayının 12-də yaradılmış Azərbaycan Respublikasının Konustutsiyasının 21-ci maddəsində deyilir: - “Azərbaycan Respulikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respulikası Azərbaycan dilinin inkişafını təmin edir.”

Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.

30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.

Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur

Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndə heydər Əliyev deyir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Bu gün də əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri riqqətə gətirir.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Bizlər də bir vətəndaş kimi daima dövlət başçımızın apardığı uğurlu siyasətinə dəstək olaraq, dövlətimizin qanunlarına etməyə və milli dəyərlərimizin, mədəniyyətimizin, dilimizin həm inkişafı, həm də qorunub saxlanması, gələcək nəsillərə çatdırılması istiqamətində üzərimizə düşən vəzifələrimizi yerinə yetirməyə borcluyuq.

Əfsanə Adgözəlova, 
Füzuli Tarix- Diyarşünaslıq Muzeyinin Muzey baxıcısı