01 avqust 2022 14:30
855

İdarəetmədəki ciddi islahatlar tərəqqiyə və inkişafa xidmət edir

Ötən həftə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman onların qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlar verdi. Bu tapşırıq və tövsiyələr təkcə vəzifəyə yeni təyin edilən şəxslər üçün deyil, bütün vəzifəli şəxslər üçün əsasdır. Hər bir məmur elə xidmət göstərməlidir ki, vətəndaş razı qalsın. Məmurlar öz vəzifələrindən sui-istifadə etməməlidir. Lakin təəssüflər olsun ki, zaman-zaman icra başçılarının cinayət əməllərinin də şahidi oluruq və onlar buna görə layiqli cəzalarını alırlar. Prezident yeni icra başçılarını qəbul edərkən bildirdi: «Bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.»

Prezident İlham Əliyevin dediyi kimi, hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bu gün də əgər hansısa icra başçısı öz fəaliyyətində cinayət əməllərinə yol verirsə dərk etməlidir ki, mütləq onun çirkli əməllərinin üstü gec-ya tez açılacaq və qanun qarşısında cavab verəcək. Ona görə də Prezident İlham Əliyevin hər bir icra başçısına öz fəaliyyətlərini  şəffaf qurmaları barədə ki tövsiyələri onların fəaliyyətinin ana xətti olmalıdır.

Bu kimi önəmli tövsiylərin təkcə icra hakimiyyəti başçılarına deyil, həm də bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident bəyan etdi ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: «Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız».

Ümumiyyətlə, son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara yüksək etimadın göstərilməsi, onların rəhbər vəzifələrə irəli çəkilməsi həm ölkə vətəndaşları, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. 

Prezident İlham Əliyev hər zaman qeyd edir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.

Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsi ənənəsi hər zaman olub. Məhz Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşmaqdadır. Yeni dövlət idarəçiliyi tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan  Prezidentin  kadr  islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir. Təbii ki, Prezidentin tapşırıqları layiqincə yerinə yetirilərsə, həm dövlət, həm də ölkə vətəndaşları onların fəaliyyətindən razı qalacaq. Yox, əgər bu etimad doğrulmasa, ilk növbədə cəmiyyətdə məyusluq yaradacaq. Ölkəmizin başçısı kadr islahatlarını  dəyərləndirərkən vurğulayıb ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqi deməkdir. Həqiqətən də dünya miqyasında yüksək uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz kadr islahatları və onların səmərəliliyi hesabına əldə edilib.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədri