01 avqust 2022 14:27
850

Dil millətin simasını səciyyələndirən vacib amillərdəndir

Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”
Ulu Öndər Heydər Əliyev

Dil hər bir millətin həyatında vacib məqamlardandır. Təsadüfi deyildir ki, bir millətin varlığı, onun milli mənsubluğu onun dili ilə sıx şəkildə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bildiyimiz kimi olduqca keçməkeşli, sınaqlarla dolu tariximiz var. Tarixin müxtəlif dönəmlərində bütün milli mənəvi dəyərlərimiz kimi ana dilimiz də təzyiqlərə və yad təsirlərə məruz qalmışdır. Ümummilli Lider Heydər Əliyevin cəsarətli mövqeyi, qətiyyəti və milli mənəvi dəyərlərimizə olan qayğısı, diqqəti, sevgisi nəticəsində ana dilimizi xilas etmək və yaşatmaq mümkün oldu.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır:“Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.

Ana dilimizin Azərbaycan dili adlandırılması, dövlət dilinin tətbiqi istiqamətində mühüm işlərin görülməsi, dilçi alimlərə xüsusi diqqətin ayrılması, ana dilimizin qorunması, yaşadılması Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” deyən Ulu Öndər Heydər Əliyev xalqımızın bütün milli mənəvi dəyərləri kimi ana dilimizin qorunması, inkişafı və mənəvi tərəqqinin əsas amilinə çevrilməsi sahəsində yorulmadan, əzmlə çalışmışdır.

Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi, ana dilimizin qorunması üzrə də Ulu Öndərimizin siyasi xəttinə sadiqlik nümayiş etdirmişdir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Əminik ki, bundan sonra da bütün mənəvi dəyərlərimiz kimi ana dilimiz dövlətimizin diqqəti və qayğısı nəticəsində daha da tərəqqi edəcəkdir.

Biz də bir müəllim olaraq ana dilimizin gənc nəslə öyrədilməsi və sevdirilməsi üçün əlimizdən gələni əsirgəmirik. Rayonumuzda bu mövzuda keçirilən tədbirlərdə fəal iştirak edir, dilimizin saflığını, incəliklərini şagirdlərimizə çatdırmaqdan qürur hissi duyuruq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə ifadə etsək, "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Nazimə Şamıyeva,
Füzuli rayon M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnazıyanın direktoru