01 avqust 2022 22:19
737

Prezidentin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməlidir

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və  Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları  ilə əlaqədar qəbul etmiş və çıxışında yerli icra orqanları üçün prioritetlərin müəyyən  olunması baxımından mühüm yol xəritəsi müəyyən etmişdir. Prezident İlham Əliyev  yeni təyin olunan icra hakimiyyətlərinin başçılarını qəbul edərkən yerli icra orqanları  üçün prioritet məsələləri bir daha ictimai formada bəyan etdi və bildirdi ki, ölkəmiz  sürətlə inkişaf edir, idarəetmə sahəsində çox ciddi islahatlar aparılır və təmizləmə işləri  həyata keçirilir. Hansısa dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, 
işlərində nöqsana yol verirsə, qanunsuz işlərlə məşğul olursa cəzalandırılacaq. Çünki  belə məmurlar bizim uğurlu inkişafımıza kölgə salır və dövlətimizin əsaslarını sarsıdır.  Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl  etməli, ilk növbədə, rayonlarda mövcud nöqsanları aşkar etməli və aradan qaldırmalıdır. Ümumiyyətlə, son illərdə ölkəmizin bütün bölgələrində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş və  insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır. İstər elektrik  enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, istərsə də, sosial infrastruktur layihələri uğurla icra olunmuşdur. Hər bir rayonumuzun sosial- iqtisadi inkişafına böyük töhfə olan müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər  inşa edilmişdir. Bütün bu infrastruktur layihələri iş yerlərinin yaradılmasında da xüsusi  əhəmiyyət kəsb etmişdir. Ötən dövr ərzində yol verilən neqativ hallar, kənd təsərrüfatı torpaqlarının qanunsuz  zəbt olunması, tikinti normalarının pozuntusu kimi məsələləri xüsusi vurğulayan dövlət  başçısı icra orqanları qarşısında ciddi vəzifələr qoydu. Son vaxtlar korrupsiyaya qarşı  mübarizə tədbirləri çərçivəsində icra başçıları və digər yüksək vəzifə daşıyan dövlət 
məmurları cəzalandırılmışdır. Hər bir məmur başa düşməlidir ki, mübarizə tədbirləri  mütəmadi olaraq davam etdiriləcəkdir. Bütün dövlət məmurları insanlarla təmasda  olmalı, onların problemləri, qayğıları ilə maraqlanmalı və köməklik etməlidir.

44 günlük  Vətən müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, şəhid ailələrinə,  qazilərə, müharibə veteranlarına və iştirakçılarına dövlət tərəfindən xüsusi diqqət  göstərilir. 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər,  minlərlə minik maşınları verilmişdir ki, bu proses bugün də davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq  yekunlaşmaq üzrədir. Dövlətimiz öz üzərinə düşən vəzifəni icra edir. Əsas odur ki, rayon  icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, daim onların yaşayışı,  məşğulluğu ilə maraqlansınlar. Çünki biz bu Qələbəni şəhidlərimizə, müharibə əlillərinə,  müharibə iştirakçılarına borcluyuq. Heç kəs unutmamalıdır ki, azad edilmiş  torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz  canlarını fəda edərək, sağlamlığını itirərək, Vətənimizi erməni işğalçılarından xilas ediblər. Ona görə hər bir dövlət məmurunun borcudur ki, onlara dayaq olsun. Şübhəsiz  ki, hər bir dövlət məmuru xalqa xidmət etməli və insanların məmnunluğunu  qazanmalıdır. Çox təəsüf ki, bəzi hallarda təyin olunmuş dövlət məmurları ölkə  başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində ciddi tədbir görülür.  Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsipləri məmurların əsas həyat və fəaliyyət  normasına çevrilməlidir. Dövlətimizin başçısı bu məsələlərdə heç kimə güzəşt  olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirmişdir. Heç kim  qanundan üstün ola bilməz, hazırda korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə  aparılır və bu hər bir dövlət məmuru üçün dərs olmalıdır. 

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri