Azərbaycanda həyata keçirilən kadr islahatları ümumi islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu islahatların əsas məqsədlərindən biri vətəndaş məmnunluğunun artırılmasıdır. Çox təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçılarını qəbul edir və onlara tapşırıqlarını verir. Ona görə də, hər bir məmur, vəzifəli şəxs öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara şəffaf xidmət göstərməlidir.
Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regionların sosil iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğu atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, əgər xalq görülən işlərdən razı olarsa, mən də razı olacam. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Prezident hər bir vətəndaşının yanında olmaqdan məmnunluq hissi keçirir.
Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman onların qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlar verdi. Hesab edirəm ki, bu tapşırıq və tövsiyələr təkcə vəzifəyə yeni təyin edilən şəxslər üçün deyil, bütün vəzifəli şəxslər üçün əsas olmalıdır. Hər bir icra başçısı elə xidmət göstərməlidir ki, vətəndaşlar razı qalsın. Heç bir icra başçısı öz vəzifələrindən sui-istifadə etməməlidir. Hər kəs qanun qarşısında bərabərdir, hər kəs törətdiyi əmələ görə cəzasını alır və biz bunu zaman-zaman görürük.
Təəssüflər olsun ki, zaman-zaman icra başçılarının cinayət əməllərinin şahidi oluruq və onlar buna görə öz cəzalarını alırlar, cinayət məsuliyyətinə cəlb edilirlər. Cənab Prezident qəbul zamanı bildirdi ki, “bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Cənab Prezident dediyi kimi hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bu gün də əgər hansısa icra hakimi öz fəaliyyətində cinayət əməllərinə yol verirsə bilməlidir ki, mütləq onun əməllərinin üstü açılacaq və qanun qarşısında cavab verəcəklər. Ona görə də hər bir icra başçısı öz fəaliyyətini şəffaf qurmalı və cinayət tərkibli hərəkətlər etməməlidirlər.
İcra hakimiyyətlərinin yol verdiyi nöqsanlardan biri də kadr siyasəti ilə bağlıdır. Bir çox hallarda yeni təyin edilən icra başçıları hazırda çalışan kadrlarla işləmək istəməyərək yeni kadrlar təyin edirlər ki, bu da həm narazıçılığa, həm də işin səmərəliliyinə təsir edir. Ona görə ki, həmin insanlar artıq yerli əhalini tanıyır, onlarla işləməyi bacarır, təcrübələri var. Dirgər tərəfdən, icra başçıları yerli kadrlarla işləməlidir, çünki onlar yerli əhalinin əhval-ruhiyyəsini və istəklərini daha yaxşı bilir, onlarla işləməyi bacarır. Kənardan gətirilən kadrlar isə insanlarla düzgün işləməyi bacarmır ki, bu da işin səmərəliliyinin azalmasına və narazılığa səbəb olur. Bu baxımdan, düşünürəm ki, icra başçıları düzgün kadr siyasəti aparsalar, onların özlərinin də işi daha rahat və keyfiyyətli olar.
Ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin, həmçinin kadr dəyişikliklərinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verdiyini önə çəkərək bildirib ki, ölkəmizin inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dövlət başçısı İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.
Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bir daha şəhid ailələrinə və qazilərə daha çox diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etdi. Bir həqiqətdir ki, hazırda dövlətimiz tərəfindən bu istiqamətdə əhatəli və effektiv iş aparılır, böyük layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. İndiyədək 12500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir. Dövlət öz üzərinə düşən vəzifəni səmərəli şəkildə və yüksək səviyyədə icra edir. Bu gün rayonlarda fəaliyyət göstərən icra orqanları da dövlətin bu siyasətini yerlərdə məsuliyyətlə həyata keçirməlidirlər. Möhtərəm Prezidentimizin dediyi kimi çAzərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib
Nərgiz Babayeva,
YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru