Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idrəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında “ imzaladığı Fərman bir daha göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar daha da genişlənir və dərinləşir. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Elm və Təhsil Nazirıiyi adlandırılır və Təhsil Nazirliyinin nəzdində müvafiq Dövlət Agentliklərinin yaradılması nəzərdə tutulmuşdur. Elm və Təhsil sahəsi bir-biri ilə sıx əlaqədə olan sahələrdir. Bu sahələrin vahid bir Nazirlikdə birləşdirilərək idarə olunması böyük əhəmiyyətə malikdir.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsidir. Belə ki, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar bu sahədə görülən işlərin davamlığına dəlalət edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyinin yaradılması bu sahədə yeni bir mərhələdir. Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Müasir dövrün çağırışlarına uyğun olaraq, elm və təhsilin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqi önəmli məsələlərdəndir. Dövrün tələbinə uyğun olaraq həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar elmin və təhsilin inkişafında böyük əhəmiyyətə malikdir.
Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi müasir tələblərə uyğun inkişaf strategiyasının və təşkilati strukturunun formalaşdırılmasını tələb edir. Sözügedən Fərman Azərbaycanda elm və təhsilin inteqrasiyasına, intellektual potensialın daha da artırılmasına və nəticə etibarilə Azərbaycanda elm və təhsil daha da inkişaf etdirilməsinə şərait yaradacaq. .
Rauf Əliyev,
Milli Məclisin deputatı