Döyülən, söyülən, əzilən və şikəst edilən ermənilər belə yaşamağa məhkumdurlar
Tarixdən məlumdur ki, ermənilərin müsibətlərə düçar olmasında diaspor və kilsənin böyük günahları var. Xüsusilə kilsələr daim fitnə-fəsad və şər yuvası olub. Eçmiədzin kilsəsinin keşişləri XIX əsrdə mərkəzləşmiş qaydada varlı ermənilərdən gizli surətdə külli miqdarda vəsait yığır, gələcəkdə dövlət qurmağa sərf olunacağını bildirirdilər. Keşişlər həmin pulları terrorçulara və Rusiyadakı nüfuzlu dövlət adamlarına hədiyyə şəklində verir, məqam gələndə çirkin məqsədləri üçün onların dəstəyindən istifadə edirdilər. İrticaçı erməni yepiskopları dövlət qurmaq yolunda qarşılarını kəsə biləcək azərbaycanlı və türk diplomatlarının, nüfuzlu dövlət adamlarının terror vasitəsi ilə aradan götürülməsi üçün fitva verir, belə çirkin işlər üçün `terrorçulara iri məbləğdə pullar ayırır, vəzifə verməklə şirnikləndirirdilər. Eyni zamanda toplanan pulların böyük qismini mənimsəyən kilsə xadimləri varlı elitaya, əslində mafiya başçısına çevrilirdilər. Hindistanda, ABŞ-da, Suriyada və dünyanın bir çox ölkələrində ticarətlə məşğul olan ermənilər "ümumi iş" üçün Eçmiədzin kilsəsinə daha iri məbləğdə pullar göndərirdilər.
Sevimli yazıçımız Əyyub Abbasov məşhur "Zəngəzur" romanında bu hadisələri ustalıqla qələmə almışdı. Məhz bu əsərə görə mənfur "NKVD" onu istintaqa çağıraraq təhdid və təqibə məruz qoymuş, bunlara dözməyən yazıçı infarkt keçirərək həyatdan vaxtsız getmişdi. Xatırladaq ki, o vaxt Azərbaycan DTK-sında ermənilər bir sıra vəzifələrdə işləyirdilər və əsas məqsədləri də milli ziyalıları ləkələyib sıradan çıxarmaq idi.
Mövzudan uzaqlaşmayaq. Tanınmış erməni jurnalist və bloger Roman Bağdasaryan bu günlərdə Teleqram kanalında erməni diasporu və kilsəsinə qarşı kəskin ittihamlarla çıxış edib.
Bağdasaryan 44 günlük müharibə zamanı erməni diasporu və kilsəsinin daxili və xarici kriminal aləmlə əlbir çalışdıqlarını qeyd edib: “44 günlük müharibə zamanı erməni diasporu və kilsəsi kriminal avtoritetlərlə əlbir olaraq Qarabağı amansızcasına talan edirdilər. Son 34 il ərzində uşaqlarımızın ölümündə erməni icmalarının və diaspor təşkilatlarının başçıları da günahkardır. Çünki Qarabağda müharibə gedəndə onlar o torpaqları talan etməklə milyonlar qazandılar. Rusiyanın erməni icmalarının və təşkilatlarının heç bir rəhbəri öz oğullarını Qarabağda döyüşmək üçün göndərməyib. Onlar ancaq nağıllar danışırdı. Bu diaspor və kilsə köpək balıqlarının 99 faizi toplanmış milyardların hara sərf edildiyi barədə heç bir hesabat təqdim etməmişdir”, - deyə o qeyd edib.
Yadınızdadırsa, Araik Arutyunyan xarici ölkələrdə yaşayan varlı ermənilərdən yüz milyonlarla pul istəmişdi və onları arxayın etmişdi ki, artıq Qarabağda ikinci dövlət yaradırlar. Beləliklə o, Ermənistan prezidenti Serjik Sarkisyanla əlbir olaraq külli miqdarda pullara sahib olmuşdu. Bununla bərabər orduya və dövlətə başçılıq edənlər işğal etdikləri Azərbaycan ərazilərində narkotik maddələr istehsalından və xarici ölkələrə daşınmasından da milyonlarla dollar vəsait əldə edirdilər. Ona görə də Ermənistanın quldur xislətli başçıları Azərbaycan ərazilərinin işğalını mümkün qədər uzatmağa çalışırdılar. Bağdasaryanın sözlərindən də açıq görünür ki, bütün bunların ziyanını və zərbəsini sadə erməni toplumu çəkib. 2020-ci ildə Azərbaycan torpaqlarından çıxarılacaqlarını görən həmin rəsmi şəxslər və onların yaxın ətrafı Qarabağda və digər ərazilərimizdə nə varsa hamısını Ermənistana daşıyıblar. Apara bilmədiklərini isə dağıdıb yandıraraq məhv ediblər. Bunların hamısı sadə ermənilərin gözləri qarşısında edilib. Ona görə də Bağdasaryan və on minlərlə onun kimiləri indi aldadıqlarını başa düşərək kəskin narazılıqlarını və nifrətlərini bildirirlər. Başa düşüblər ki, özgəsinin torpağı üzərində xoşbəxtlik axtarmaq axmaqlıq imiş. Amma gecdir, "Daldan atılan daş topuğa dəyər"-deyiblər. Ermənilərin qanı hesabına varlanan dövlət məmurları isə xarici ölkələrdə aldıqları villalarda və saraylarda ailələri ilə rahat həyat sürürlər. Döyülən, söyülən, əzilən, şikəst olan sadə ermənilər isə yenə də sürünürlər. Nə qədər ki, "erməni xəstəliyi"ndən xilas olmayıblar belə yaşamağa məhkumdurlar.
Vəli İlyasov, "İki sahil"