Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin dinamik inkişafı cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkə başçımızın xalqın rifah halının yaxşılaşmasına, xalqın təhlükəsiz və firavan yaşayışına, sosial problemlərinin həllinə xidmət edən siyasəti Azərbaycan cəmiyyəti tərəfindən yekdilliklə dəstəklənir. Hər kəs gözəl başa düşür ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, ölkəmizin beynəlxalq nüfuzu güclənir, iqtisadi imkanlarımız və hərbi qüdrətimiz artır. Biz məhz bütün bunların sayəsində torpaqlarımızı işğaldan azad edə bildik, məğlub xalqdan qalib, müzəffər xalqa çevrilə bildik. Odur ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir.
Bəllidir ki, Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi milli birlik sözün əsil mənasında bütün dünyaya nümunə oldu. Unutmamalıyıq ki, xalqı vahid amal ətrafında birləşdirmək, dəmir bir yumruğa çevirmək üçün əsil sərkərdə, təkrarsız lider olmaq lazımdır. Elə bir lider ki, xalqını, vətənini, hər bir qarış torpağını sonsuz məhəbbətlə sevə və onun hər bir guşəsində gülüstanlar yarada.
Son illər nəinki paytaxtımızda, eyni zamanda rayonlarımızda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfələr verildi. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi.
Respublikamızın digər bölgələri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bizim rayonun ərazisində də mühüm infrastruktur layihələr uğurla icra olunub və bu öz müsbət nəticələrini verməkdədir. Rayonumuzun ərazisində inşa olunan müasir tipli xəstəxanalar, məktəblər, uşaq bağçaları, inzibati binalar, çəkilən yollar, aparılan yaşıllıq-abadlaşdırma işləri nəticəsində rayonumuzun ümumi infrastruktur mənzərəsi gözəlləşmişdir. Bununla yanaşı iri infrastruktur layihələrin icrası camaatımızın işlə təminatında mühüm rol oynamışdır. Biz füzulilərin rahat yaşaması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülmüşdür. Qaz, su, elektrik enerjisi ilə təminatımızda problemimiz yoxdur.
44 günlük Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. 30 ilə yaxın görmək həsrətilə yaşadığımız doğma torpaqlarımızı görmək, yaxınlarımızın illərlə ziyarət edə bilmədiyimiz məzarlarını ziyarət etmək nəsibimiz oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz bizə sonsuz Qələbə sevinci yaşatdı. Qəhrəman şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı sayəsində tarixdə müzəffər, qalib xalq kimi yaşamaq xoşbəxtliyinə qovuşduq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq və abadlaşdırma işləri aparılır. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərin böyük əksəriyyəti rayonumuzun ərazisində reallaşır. Hazırda Füzuli rayonu ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Böyük strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti uğurla çəkilir.
Rayonumuzun gələcək inkişafında müstəsna əhəmiyyət daşıyan, regional xarakterli layihələrdən olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. İşğaldan azad edilmiş ərazilərin enerji təminatında xüsusi rolu olan Füzuli yarımstansiyası artıq fəaliyyətdədir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Füzuli şəhərinin Baş planı təsdiqlənib. Füzulidə 180 çarpayılıq xəstəxananın inşasına start verilib.
Əminik ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq.
Qəşəng Əliyeva,
Qayıdış Qəsəbə 1№li tam orta məktəbin direktoru