29 iyul 2022 10:35
820

Respublikamızda aparılan kadr islahatları regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə stimul verməkdədir

25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Qəbulda Prezident icra  başçılarına göstərişlərini vermiş və hər birinin qarşısına mühüm tapşırıqlar qoymuşdur. Eyni zamanda bir çox maraqlı fikir söyləmişdir.  Əslində Prezidentin tövsiyyə və tapşırıqları bütün vəzifəli şəxslərə, ismarıcları isə Azərbaycan cəmiyyətinə idi. Çıxışın bir qismi ölkəmizdə görülən işlər və onların perspektivləri ilə əlaqədar olduğu halda, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Prezident İlham Əliyev bir daha bildirib ki, heç kim qanundan üstün ola bilməz. Bu gün ölkəmizdə uğurla reallaşdırılan irimiqyaslı islahatlar bütün sahələri əhatə edir. Təbii ki, bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır. Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir.

Dövlət orqanlarında yeni dünyagörüşlü, müasir təhsilli, qlobal dünyanın diktə etdiyi idarəçilik fəlsəfəsinin tələblərinə cavab verən gənc kadrlar vəzifələrə irəli çəkilir. Son dövrlərdə respublikamızda aparılan kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir. Ölkə başçısı daim vurğulayır ki, məmurlar xalqın xidmətçisidirlər. Ölkə başçısı bir daha qeyd edib ki, kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Bunlara əməl etməyənlər öz layiqli cəzalarını alırlar və bundan sonra da alacaqlar.  Qoyulan tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarətdir. Bunun üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları şəxsən çıxış etməlidir. Bu, rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaqdır. Əlbəttə ki, dövlətimiz regionların sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüş, bu istiqamətdə Dövlət Proqramları qəbul edərək infrastruktur layihələri icra olunmuşdur.  Respublikamızda regionların inkişafı Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biridir. Təsadüfi deyil ki, 2004-cü ildən etibarən respublikamızın regionlarının sosial-iqtisadi inkişafını ehtiva edən dörd Dövlət Proqramı qəbul edilmişdir. Dövlət Proqramlarının üçü müvəffəqiyyətlə yerinə yetirilmiş, bu istiqamətdə qəbul edilmiş sayca dördüncü Dövlət Proqramı hazırda postmüharibə dövründə yaradılmış yeni reallıqlar fonunda uğurla yerinə yetirilməkdədir. Yerinə yetirilmiş və yerinə yetirilməkdə olan Dövlət Proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət Proqramlarının yerinə yetirilməsi, ölkə rəhbərinin regionlara olan xüsusi diqqət və qayğısı sayəsində respublikamızın hər bir rayonunda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, müasir xəstəxanalar, tibb ocaqları, məktəblər inşa edilmişdi.Təbii ki, insanların sosial-rifah halının yaxşılaşdırılması yeni iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılması ilə üzvü surətdə bağlıdır və bu istiqamətdə ciddi işlərin görülməsinə rayonlarda sahibkarlıq subyektlərinin inkişafı ilə töhfə vermək olar.

Hazırda ölkə rəhbərinin dəstəyi ilə respublikada inkişaf edən sahibkarlıq istiqamətində ciddi addımlar atılır ki, bu xüsusilə inşaat, kənd təsərrüfatı, turizm sahələrini daha çox əhatə edir. Beləliklə, regionların sosial-iqtisadi inkişafının təmin olunması mühüm prioritetlərdəndir. Cənab Prezident həm də dövlət idarəetməsinin mahiyyətini müsbət istiqamətdə dəyişə bilmişdir. Sosial ədalət prinsipinin qorunması, insanların özlərini rahat və azad hiss etmələri, əməklərinin, fəaliyyətlərinin qarşılığında lazımi qiyməti vaxtında almaları çox vacib məqamdır. Yeni açılan iş yerləri özəl sektorun payına düşməlidir. İş adamları onlara yaradılan infrastruktur, kredit və subsidiya imkanları hesabına regionların inkişafında rol almaqdadırlar. Sahibkarlar bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Yüksək vəzifəli dövlət məmurları işlədikləri sahələr üzrə sahibkarlara süni maneələr yaratmamalı, əksinə onlara dəstək olmalıdırlar. Regionların potensiallarını doğru dəyərləndirməlidirlər. Azərbaycan yeraltı sərvətlərlə yanaşı turizm potensialına da malikdir. Son dövrlər həyata keçirilən islahatlar bir daha sübut edir ki, şəxsi maraqları milli və dövlət maraqlarından öndə tutan adamlar həyata keçirilən müsbət siyasətimizə kölgə sala bilməzlər. Ölkə rəhbərinin  bu yanaşması öz hərəkətlərində qüsurları  olanlar üçün ciddi xəbərdarlıq  olmalıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri