28 iyul 2022 19:57
994

Turizmin inkişafı ölkənin nüfuzuna böyük təsir göstərir

Dövlətin yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır

25 iyul 2022-ci il tarixində Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlət başçısı qəbulda bir çox önəmli məsələyə toxunub və konkret tapşırıqlar, hədəflər müəyyənləşdirib. Sözügedən rayonların turizm potensialı ilə bağlı danışan ölkə Prezidenti bu sahənin də inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verib: “Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.”

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm iqtisadiyyata təsir göstərən güclü qüvvədir. Turizm dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Lakın turizmin rolu bununla bitmir. Turizmin inkişafı həmçinin ölkədə yeni iş yerlərinin açılması deməkdir. Bundan başqa, turizmin inkişafı və daha səviyyəli olması ölkənin nüfuzuna böyük təsir göstərir. Azərbaycanın Avropa və Asiyanın qovşağında yerləşməsi məhz ölkəmizin güclü turizm potensialına malik olduğunu bir daha təsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində hotellər, istirahət mərkəzləri, nadir memarlıq abidələri, möhtəşəm qalalar və məbədlər, eləcə də ecazkar təbiət və s. turistlərin diqqətini cəlb edən amillərdir.

Son illər Dövlət Turizm Agentliyi tərəfindən bu sahənin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbulu, müasir turizm infrastrukturunun yaradılması və turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili ilə bağlı məqsədyönlü işlər görülüb. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilib və beynəlxalq marşrutlar işlənib.

Dövlət başçısı həmçinin bildirib ki, digər rayonlarda da turizm potensialı çox zəngindir: “Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir.”

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan olunub. Bu sənəd ölkəmizdə önəmli sahələrdən biri olan turizmə diqqətin daha da artmasına gətirib çıxardı. Dövlət başçısı tərəfindən bu addımın atılması turizm sektoru üçün bir avans kimi qiymətləndirilib. Bu ilin yanvar-iyun aylarında Azərbaycana 166 ölkədən 638,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 25 %-i Rusiya, 23,8 %-i Türkiyə, 13 %-i İran, 5,2 %-i Gürcüstan, 4,6 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Pakistan, hər birindən 2,4 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistan, 2,3 %-i Ukrayna, 1,8 %-i Qazaxıstan, hər birindən 1,3 % olmaqla Küveyt və Böyük Britaniya, 14,1 %-i digər ölkələrin vətəndaşları olub. Onların 78,3 %-ni kişilər, 21,7 %-ni qadınlar təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 %-i hava, 41,7 %-i dəmir yolu və avtomobil, 1,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bütün bunlar Azərbaycanda turizm siyasətinin irəliləməsindən xəbər verir. Bu sahədə beynəlxalq təcrübənin uğurla tətbiq olunması ölkəmizdə stabil inkişafın davam etdiyini sübut edir. Hazırda Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoyub. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Dövlətin də yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.

Sözsüz ki, turizm sektorunun da hərtərəfli inkişaf etməsi ölkə iqtisadiyyatının daha da gücləndiyini göstərir. Bu, növbəti illərdə qeyri-neft sektorunun daha da inkişafına, dövlət büdcəsinə bu sahədən daxil olan vəsaitlərin artmasına gətirib çıxaracaqdır.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri