28 iyul 2022 10:35
1007

Azərbaycan davamlı inkişaf edən ölkədir

Prezident cənab İlham Əliyevin imzaladığı Fərmanlarla təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin hər bir bölgəsi uğurlu inkişaf mərhələsi yaşamışdır. Regionlarda geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.

Hər rayonda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilmiş, istehsal müəssisələri yaradılmışdır. Əhalinin elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunmuş, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuşdur. Ümumiyyətlə, son illər ərzində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr rayonların sosial-iqtisadi inkişafına böyük töhfə  olmuşdur. Regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər və layihələrin icrası davamlı olaraq həyata keçirilir. Təbii ki, rayonlarda işlərin yaxşı getməsi üçün ictimai nəzarətin olması mütləqdir. Rayonların icra başçıları ictimai nəzarətdən çəkinməməlidir, çünki ictimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi məsələsində effektivliyi təmin edəcək amillərdəndir.

Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən Prezident cənab İlham Əliyev idarəetmədə çox ciddi islahatlar aparıldığını  qeyd edərək hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydalarının tətbiq olunmasının labüdlüyünə diqqqət çəkdi. Əgər müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Məhz dövlətimizin siyasəti də bundan ibarətdir.

Ölkə başçısı hər üç rayona təyin olunmuş yeni başçıların timsalında bütün rayonların İcra Hakimiyyətlərinin başçıları  qarşısında bır sıra mühüm vəzifələri müəyyənləşdirdi. Belə ki, rayonlarda icra ediləcək layihələrə yerli və xarici sahibkarlar cəlb edilməlidir. Bir halda ki, ölkəmizdə sahibkarlıq inkişaf edir və bunun üçün dövlət tərəfindən bir çox addımlar atılır. Lakin çox təəssüflər olsun ki, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Belə xoşagəlməz hallar aradan qaldırılmalı və bu məsələlərdə bütün qaydalara riayət edilməlidir. Həm inşaat, həm kənd təsərrüfatı sahəsi, həm də turizm sahəsində yaradılan obyektlərin bu və ya digər bölgənin memarlıq üslubuna, müasir normalara nə dərəcədə cavab verdiyi əvvəlcədən müəyyənləşdirilməlidir. Ümumiyyətlə, görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya heç bir ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir və torpaqdan fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Bir sözlə, ölkənin ekoloji sistemi qorunub saxlanılmalıdır. Ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, heç bir ədalətsizlik olmasın. Bir halda ki, Azərbaycanın çox böyük perspektivləri, çox böyük potensialı var. Bütün imkanların olduğu ölkəmizdə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra isə xalqımız da müzəffər xalq kimi ləyaqətlə yaşayır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri