Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bir çox mühüm məslələrə toxundu. Ölkə başçısının apardığı siyasət, bütün sahələrdə həyata keçirdiyi islahatlar hər bir vətəndaşı məmnun edir. Bəli, bu gün biz fəxr edirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın nüfuzlu ölkələri sırasında dayanmağa nail olur. Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Vaxtı ilə Ulu Öndər deyirdi ki: “ Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
31 illik müstəqillik tariximizin son 19 ili xüsusi ilə önəmlidir. Tarix üçün çox qısa olan, lakin bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən dövr ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, Ümummili Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Dövlət məmurları elə etməlidir ki, bu həmrəyliyə ziyan vurmasınlar, xələl gətirməsinlər. Çünki məhz bu siyasətin nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
2004-cü ildən başlanan “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramları çərçivəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Rayonların sosial-iqtisadi inkişafına nail olmaq üşün mühüm infrastruktur layihələri, o cümlədən, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xərstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi və bu proses bu gündə uğurla davam etdirilir.
Ölkə başçısının rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Və biz ölkə başçısının Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. Məhz Prezidentimizin təşəbbüsü ilə, yaddan çıxmış və artıq tarixə çevrilən bir çox sahələr yenidən dirçəldilib. Baramaçılığın, pambıqçılığın, tütünçülüyün, əkinçiliyin, üzümçülüyün yenidən inkişafı həm də qadınlarımızın məşğulluğuna müsbət təsir göstərir. Sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yaradılmışdır. Həyata keçirilən dövlət siyasət nəticəsində məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, kiçik və orta biznesin inkişafı istiqmətlərində mühüm nailiyyətlər əldə olunur. Qeyd etmək lazımdır ki, qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Azərbaycan müstəqilliyini bərpa edəndə əhalimizin sayı 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur.Onların rifah halının yaxşılaşdırılması üşün iş yerlərinin açılması prosesi davamlı olmalıdır. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş tətbiq olunur. Ancaq bəzən təyin edilmiş məmurların məsuliyyətsiz fəaliyyəti vətəndaşları narazı salır, aparılan islahatlara gölgə salır, insanlara haqlı olaraq ümidsizlik hissi yaranır. Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən yayınmır. Cənab Prezidentin dediyi kimi “heç kim qanundan üstün ola bilməz”. Məmur-vətəndaş münasibətləri vətəndaş məmnunluğu üzərində qurulmalıdır. İcra başçıları daim insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir.
Onlar öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, sağlam cəmiyyətin təməl prinsiplərindəndir. Bu prinsip imkan verir ki, insanlar daha normal şərtlər daxilində yaşasın. Bu isə məmurdan optimal idarəetmə, yaradıcılıq, adekvatlılıq, insanlarla ünsiyyət qurmaq və digər bilik və bacarıqları tələb edir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı qeyd etdi ki, idarəetmədə çox ciddi islahatlar aparılır. Bu islahatlar çox müsbət nəticələr verir. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibəsinin veteranları, qaçqın, keçmiş məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi diqqət göstərilməlidir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır. Heç kim unutmamalıdır ki, onların cəsurluğu, qormazlığı sayəsində, qanları- canları hesabına Vətənimiz işğalçılardan azad olunmuşdur. Ona görə də şəhid ailələrinə, müharibə əlillərinə arxa olmaq, onlarla yaxından maraqlanmaq hər bir dövlət məmurunun, millət vəkilinin, hər bir insanın vəzifə və mənəvi borcudur. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra bu imkanlar daha da artmışdır.
Ümummilli Lider Heydər Əliyev deyirdi ki “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”. Biz inanırıq ki, dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır. Bu inamı isə dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsin sədri, professor