Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən əsası məhz özünəməxsus Ana dilinin olmasıdır. O da əbəs deyil ki, bir cəmiyyət xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, və yaşadır. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi hər bir xalq öz dili ilə yaranır. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, deyə dahi şəxsiyyət Heydər Əliyev tarixi kəlamlarını irəli sürüb.
Artıq bu gün bizlər qürurla deyə bilərik ki, zamanın müxtəlif sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub hazırkı dövrümüzə qədər gətirib çıxarmışıq. Fakt budur ki, dərin tarixi kökləri olan öz Ana dilimiz, öz mədəniyyətimiz və öz tariximiz var. Belə ki, 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Nəsimilərin, Füzulilərin, Xətailərin, Zərdabilərin, Vaqiflərin, Vidadilərin, Sabirlərin, Müşfiqlərin, Natəvanların dilidir. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə dünyaya müstəqilliyimizin əbədiliyini elan etmişik!
Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz Ulu Öndərimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. 2001-ci ildə imzaladığı növbəti fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, dilimizin qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı ali təzahürlü bu kəlamlarını da səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.
Artıq bu gün də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına doğru istiqamət almış dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri riqqətə gətirir.
Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.
Yeri gəlmişkən, onu da qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Zəngəzur torpaqlarımızda ermənilər tərəfindən saxtalaşdırılmış milli toponimlərimiz də artıq geri qaytarılmaqdadır – tarix öz yerini tutur və bu faktorda Ana dilimizin də oynadığı rol kifayət qədər əhəmiyyətlidir!
Beləliklə, bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə bu günün gənclərinə, yeniyetmələrinə aşılayıb, gələcək nəsillərin təməlini möhkəm qoymaq da bizlərdən asılıdır. Belə ki, hər bir Azərbaycan vətəndaşı bu vəzifəni şərəf və qürurla yerinə yetirməyə çalışmalıdır. Ana dilimiz deyərkən bizlərin bir şüarı var: dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri