27 iyul 2022 19:48
838

Heç bir məmurun əlahiddə səlahiyyəti, imtiyazı yoxdur…

Bu gün ölkəmizdə uğurla reallaşdırılan irimiqyaslı islahatlar bütün sahələri əhatə edir. Təbii ki, bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır. Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir. Dövlət orqanlarında yeni dünyagörüşlü, müasir təhsilli, qlobal dünyanın diktə etdiyi idarəçilik fəlsəfəsinin tələblərinə cavab verən gənc kadrlar vəzifələrə irəli çəkilir. Son dövrlərdə respublikamızda aparılan kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir.

Ölkə başçısı daim vurğulayır ki, məmurlar xalqın xidmətçisidirlər.

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bildirib ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Məmurlar yadda saxlamalıdırlar ki, onlar xalqın xidmətçiləridirlər. Yalnız icra başçıları deyil, bütün məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalı, daim onların qayğıları və problemləri ilə maraqlanmalıdırlar. Dövlət başçısı bəyan edib ki, etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını, nazirləri vəzifəyə təyin edərkən dövlət başçısı onlara tövsiyə və tapşırıqlarını verir. Digər məmurlar kimi icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir. Ölkə başçısı bir daha qeyd edib ki, kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Bunlara əməl etməyənlər öz layiqli cəzalarını alırlar və bundan sonra da alacaqlar: “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var-təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Prezidentimiz həmçinin bildirib ki, heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Biz bu Qələbəni onlara-şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Ona görə də hər bir dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun: “Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Təbii ki, ölkə başçısı tərəfindən verilən tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin qanunvericiliyə uyğun olaraq ciddi cəzalandırılması bu gün də davam edir. Bu sahədə əldə edilən uğurlar, dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, bəzi hallarda əhalini narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görülməkdədir. Bundan sonra da belə olacaq.

Zahid Rza, “İki sahil”