Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Müstəqil Respublikamızın dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də zənginliyi, ahəngdarlığı və rəngarəngliyi baxımından dünyanın seçilmiş dillərindən biri sayılır. Tarixin müxtəlif dönəmlərində sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Bildiyimiz kimi, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ona görədə hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək pilləyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb.
Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlətimizin başçısı dilimizlə bağlı dediyi sözləridə bu diqqətin təsdiqidir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir". Ana dilimiz hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Məhz göründüyü kimidə Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri