Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”, - dövlət başçısı bildirib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Beləliklə, dövlətin sosial siyasəti, qeyd olunan həssas kateqoriyaya göstərdiyi münasibət ortaya gözəl mənzərə çıxarır - şəhid ailəsi təzə, rahat mənzillərlə təmin olunur; Qarabağ qazisi sağlamlığına qovuşur, işləyir, dövlətin bağışladığı hər cür təminatlı evdə yaşayır. “YAŞAT” Fondunun yaradılması ilə bağlı sərəncam da buna görə alqışlanmışdı. Bu gün fond da bu yöndə böyük işlər görür: gecikmədən, keyfiyyətli və davamlı! Yaralı əsgərlərimiz Türkiyə xəstəxanalarında müalicə alıb, sağlam geri qayıdır. Onların psixoloji durumu bərpa olunur, onların üzü gülür. Bu, olduqca vacib qayğıdır. Çünki qazi, şəhid ailəsi əzizdir, dəyərlidir!
İslam Bafadarov,
YAP-ın gənc fəalı