Cari ayın 25-ci günündə Prezident İlham Əliyevin respublikanın 3 rayonuna yeni icra başçılarının təyin olunması ilə bağlı qəbulu baş tutdu. Görüş zamanı ölkə başçısının onların qarşısına qoyduğu vəzifə və təlimatları əsas yol xəritəsi hesab etmək olar.
Belə ki, son illərdə bir sıra icra başçılarının onlara göstərilən yüksək etimada biganə qalması və öz işlərində yalnız öz maraqlarına xidmət etməsinə görə vəzifələrindən uzaqlaşdırılıb məsuliyyətə cəlb edilmələri heç kimə sirr deyil. Məhz, bu kimi nüanslara görə ölkə başçısının icra hakimiyyəti orqanlarında və ümumiyyətlə digər sahələrdə də apardığı gəncləşdirmə siyasəti daxili siyasətimizin əsas qollarından birini təşkil edir. Xarici ölkələrdə yüksək pillələr üzrə təhsil almış gənc kadrların rəhbər vəzifələrə gətirilməsi onlara göstərilən etimadın sübutudur.
Sovet dövründə inkişafdan qalmış, müstəqillik qazandıqdan bəri isə öz inkişaf yollarına qədəm qoymuş bir sıra rayonlarda yerli infrastruktur layihələrinin təkmilləşdirilməsi, bu işdə müasir təchizatdan istifadə edilməsi kimi məsələlər bu günün tələbinə çevrilib. Bu kimi amilləri nəzərə alan ölkə başçısı yeni təyin olunan icra başçılarının qarşısına bu yöndə bir sıra tələblər qoydu. Rayonların elektrik enerjisi, suvarma təchizatı, qazlaşdırma və vacib məsələlərdən birinə çevrilən yol layihələrinin təşkili prioritet məsələlərdəndir.
Digər bir məsələ isə müstəqilliyimizi bərpa etdikdən bəri ölkəmizin demoqrafik vəziyyətinin artan xəttlə irəliləməsidir ki, bu rəqəm də 7 milyondan 10 milyona qədər çatmışdır. Belə olan halda ölkədə iş yerlərinə tələbatın artması və bu tələbatın qarşısının alınması məqsədilə yeni iş yerlərinin açılıb əhalinin işlə təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu.
44 Günlük Vətən müharibəsində öz şirin canlarından keçmiş şəhidlərin ailələrininə və qazilərimizə dövlət dəstəyinin mütəmadi olması və davam etdirilməsinin vacibliyi qeyd edildi. Çünki onlar həssas əhali qrupuna aiddirlər və onlara hər zaman diqqət və qayğı göstərmək bizim hər birimizin mənəvi borcumuzdur!
Mais Günəşli,
YAP-ın gənc fəalı