27 iyul 2022 17:30
1072

Gələcək nəsillərə təmiz və saf ana dili ötürək

Cəmiyyətin inkişafı, mənəvi irsin, adət-ənənələrin qorunması üçün zəruri olan ən mühüm vasitələrdən biri dildir. Dil xalqın tarixini əks etdirir, adət-ənənələri və müasir həyatı əlaqələndirir. İlk öyrənilən dil adətən ana dili olur. Sonradan qazanılan dillər ikinci və üçüncü olur. Ana dilinin itməsi nəsillərin yaratdığı mədəni-tarixi irsin yox olmasına gətirib çıxarır ki, bu zaman assimilyasiya baş verir.

Ümummilli liderimiz Heydər Əliyevin ana dilimizlə bağlı qeyd etdiyi zəruri və aktual olan bir məsələni xatırlatmaq istəyirəm: "Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.

SSRİ zamanı 60-cı illərədək Azərbaycan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olsa da Azərbaycan dili hakim dil deyildi. Hər növ sənədləşmə, hətta dövlət əhəmiyyətli olanlar da qeyri dildə tərtib edilirdi. Bu zaman kəsiyində təəssüf ki, ana dilimizin inkişafı və zənginləşməsi barədə söhbət belə gedə bilməz.

Növbəti illərdə SSRİ tərkibində olan respublikaların ictimai-siyasi həyatına dil problemi daxil oldu. Respublikalarda vahid dil siyasəti güclənirdi. Lakin belə şəraitdə ana dilindən, həm də dövlət dili səviyyəsinə gətirilməsindən danışmaq çox təhlükəli idi.

Bütün bunlara baxmayaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində ana dilimizin vurğunu, gözəl natiq Ulu öndər Heydər Əliyevin böyük əməyi danılmazdır. Bu hadisə həmin dövrün ən əhəmiyyətli siyasəti idi.

1992-ci ildən kiril əlifbasından latın qrafikasına keçid dövrü başladı və tam olaraq 2001-ci ildə başa çatdı. Hadisənin yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. 

Ölkəmizin dilçi alimləri ana dilimizin saflığının qorunması, mövqe­yinin daha da möhkəmləndirilməsi və zənginləşdirilməsi üçün bütün gücləri ilə ça­lışıb fəaliyyət göstərməyi özlərinə şərəfli borc hesab edirlər.

Dilimizi qorumaq bizim də bir vətəndaş kimi üzərimizə düşən borcdur. Dilimizi qoruyaraq biz millətimizi, dövlətçiliyimizi və mədəniyyətimizi qorumuş oluruq. Hamının ana dili mənsub olduğu millətin dilidir. Başqasını düşünmək yanlışlıqdır.

Gəlin bir vətəndaş kimi üzərimizə düşən bu müqəddəs borcu layiqincə yerinə yetirək və gələcək nəsillərə təmiz və saf ana dili ötürək.

Həqiqət Həmzəyeva,
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi