27 iyul 2022 16:58
735

Yerlərdə məmurlar ölkə rəhbərliyinin mövqeyini doğru və səlis şəkildə ifadə etməlidirlər

Dünyanın idarə olunmasını 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki siyasi durumla həyata keçirmək mümkün deyil. Artıq dünya 1945-ci ildən sonra II Dünya  Müharibəsinin ardınca yaranmış siyasi konfiqurasiya ilə də idarə olunmur. Bu mümkünsüzdür. Dövlətlərin daxili idarəetmə sistemləri daim yenilənir, inkişaf edir. Azərbaycan da demokratik və hüquqi dövlət anlayışlarını öz idarəetməsində ciddi mənada tətbiq edir. Eyni zamanda da hakimiyyət hər gün həyata keçirilən islahatlarla yenilənir, təmizlənir və öz içərisində inkişafımıza kölgə salan, şəxsi maraqlarını milli maraqlardan üstün tutan ünsürləri sistemdən uzaqlaşdırır. Əgər ölkəmiz dünyada hörmətəlayiq yerlərdən birini tutmağa iddialıdırsa, ölkədaxili idarəetmə sistemi ən 
mükəmməl səviyyəyə çatdırılmalıdır. Hər bir məmur dövlət başçısının həyata keçirdiyi siyasi xəttə uyğun davranmalı və ölkənin tərəqqisinə töhfə verməlidir. İndi heç də həmişə ərazisi böyük, əhalisi çox olan dövlətlər dünyaya yön, istiqamət vermir. Coğrafi və intellektual nöqteyi nəzərindən ölkələrin yeri, mövqeyi daha böyük  əhəmiyyət kəsb edir.

Diqqətlə baxsanız dünyanın siyasi xəritəsində nöqtə qədər belə görünməyən dövlətlərdə dünyanın əksər maliyyə resursları toplanır, siyasi, iqtisadi,  hərbi təşkilatların mənzil qərargahları yerləşir. Tarixi görüşlər, vacib qərarlar məhz belə 
ölkələrdə verilir. İndi dünyada böyüklük anlayışı kəmiyyət məfhumundansa, keyfiyyət anlamına daha çox yaxındır. Bu dövlətlərin hər biri zamanında özlərinin inkişaf mərhələlərində vaxtaşırı islahatlar həyata keçirmiş, idarəetmə, vergi, bank sistemlərini  inkişaf etdirərək bu səviyyəyə çatmışdır. Cəmi otuz illik müstəqillik dövründə böyük mərhələ keçən dövlətçiliyimiz inkişaf etmiş qərb ölkələrinin səviyyəsinə çatmaq üçün reformaları ara vernədən həyata keçirməkdə maraqlıdır. Ölkəmizin həm coğrafi  mövqeyi, həm təbii ehtiyatları, həm də əhalizimin intellektual səviyyəsi imkan verir ki, 
dünyada özümüzə layiq yerlərdən birini tutaq. Dünyaya fayda verməyən, əksinə, müharibə risklərini artıran, əlavə qayğılarla kainatımızı sözün həqiqi mənasında yükləyən dövlətlərdənsə, dünyanın dərdinə dərman olan, çətin, ağır günlərdə ümumi evimizi qorumağı bacaran, çatışmazlıqların aradan 
qaldırılmasına xidmət edən ölkələrə böyük ehtiyac vardır.

Bu sadaladığımız profilləri özündə və fəaliyyətində cəmləşdirən ölkələrin sayı elə də çox deyildir. Amma  Azərbaycan son illər həyata keçirdiyi regional və ümumdünya miqyaslı layihələrlə lazımlı dövlətlər siyahısındadır. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş  etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Bu gün Azərbaycan cəmiyyəti bütün dünyada baş verən faydalı çağırışlara  qoşulur, dünyada baş verən hadisələrə öz maddi, fiziki, mənəvi və siyasi dəstəyini verir.
Dövlətlərin dünyada mövqeyini müəyyən edən əsas amillər ölkədaxili idarəetmə,  daxili siyasət və liderilərdir. Beynəlxalq münasibətlərdə qəbul olunmuş istənilən qərar  daxili auditoriyanın məhsuludur. Hər bir dövlət dünya siyasətində öz daxili sosial bazası  ilə təmsil olunur. Dünyanın siyasi nizamı milli dövlətlərin məcmusudur.

Prezident İlham  Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı ölkəmizin qarşısında dayanan vəzifələri, hədəfləri bir daha cəmiyyətimizin diqqətinə çatdırdı. Azərbaycanda hər bir məmur təmsil etdiyi regionun kəndlərinin problemlərini həll etmiş  olsa, o halda ölkənin ümumi problemləri qalmamış olar. Dünyada mövqeyimiz daha da  güclənər. Dünyada müharibələr təhlükəsi olduğu bir zamanda milli təhlükəsizliyin daha bir  əsas faktoru olan qida təhlükəsizliyi məsələsi qarşımızda dayanır. Regionlarda həyata  keçirilən layihələr, islahatlar hesabına biz kənd təsərrüfatını inkişaf etdirməkdəyik. Bu  amil ən çətin anlarda belə ölkəni risklərdən qoruyacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri, sahibkarlığın inkişafı kimi məsələlər öz həllini tapmaqdadır. Artan əhalinin təlabatına  uyğun olaraq yeni iş yerlərinin açılması da daim dövlətin diqqətindədir. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə  getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bəzən xırda məsələlər üzərindən ölkəmizə qarşı ciddi informasiya müharibələri təşkil edən  qüvvələr meydana çıxır. Onlar ölkəmizin balanslı siyasətinə maneə olmaq istəyir. Dövlətimiz şəhid ailələri və qazilər məsələsinə çox həssas yanaşır. Dövlət başçısı  dəfələrlə qələbəmizdə şəhidlərin rolunu yüksək qiymətləndirir. Belə olan halda nəinki  məmurlar, hər bir vətəndaş qürur mənbəyimiz olan şəhidlərimizə qarşı xüsusi ehtiramla yanaşmalıdır. Xüsusi ilə də yerlərdə məmurlar ölkə rəhbərliyinin mövqeyini doğru və  səlis şəkildə ifadə etməlidirlər.

Biz milli adətlərimizi və ənənələrimizi qorumaqla Qərb, Avropa mədəniyyətinə, dəyərlərinə regionda ən böyük hörmət edən ölkəyik. Tolerantlıq, çoxmillətli və çoxkonfensiyalı baxış bucaqlarımız bizim inkişafımızın əsasını təmin etməkdədir.  Azərbaycan xalqının yüksək keyfiyyətlərini, qonaqpərvərliyini, milli adət-ənənələrini  ölkəmizin turizm potensialı ilə birləşdirməliyik. Yeni təyin olunan icra başçıları ilə  görüş zamanı dövlət başçısının turizmin inkişafı və ekosistemin müdafiəsi məsələləri vacib məqam kimi diqqət çəkdi. Vətən Müharibəsindən sonra dünyanın ölkəmizə artan marağını nəzərə alaraq regionlarda turizm potensiallarını daha da inkişaf etdirmək olar.

Ənvər  Haqverdiyev,
​Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi