27 iyul 2022 15:10
1008

Ana dili xalqın tarixini özündə yaşadan milli sərvətdir

Mənim Ana dilim ,mənim kimliyim!

Pasportum,özumə öz hakimliyim.

Mənim mənliyimin füsünkarlığı,

Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı,yurdun varlığı

Sənin varlığına bağlıdır dilim.

Bu misralar böyük şair Bəxtiyar Vahabzadəyə məxsusdur.Şair bu misralarda Ana dilinin qüdrətini, böyüklüyünü , müqəddəsliyini gözəl tərənnüm edib. 1 Avqust ölkəmizin əsas atributlarından olan Ana dili günüdür. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən 18 ildir ki, bu günü  “Azərbaycan əlifbası və Azərbaycan dili günü’’ kimi qeyd edirik.

Ana dili millətin mənəvi diriliyidir, ruhun qidasıdır, xalqın mənəvi sərvətidir. Məhz bu səbəbdən hər bir xalqın ziyalısı, alimi, yazıçısı, siyasətçisi bu sərvətin qorunmasına xüsusi diqqət yetirməlidir. Konstitusiyanin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət dili  Azərbaycan dilidir. Dünyada 7000-ə yaxın dildən yalnız 95-i “Dövlət dili’’statusuna malikdir.

Dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif ölkələrdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində də öz əksini tapıb. Məlumdur ki, bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan  Xalq Cümhuriyyəti 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəldi və hakimiyyətin imzaladığı ilk sənədlə Azərbaycan dili Dövlət dili oldu.

Azərbaycan dili ən böyük yazılı tarixə malik dildir. Əsrlər öncə bu dildə əsərlər yazılıb. Ana dilinin daşıyıcıları ilk növbədə bu dildə danışan, yazan insanlardır. Bu baxımdan yazıçıların, şairlərin missiyası  daha böyükdür. Dil yaşamalı və inkişaf etməlidir. Bu inkişaf yolunda çətinliklər də olub. XX əsrin 30-cu illərindən əlifbamız 3 dəfə dəyişib. 1929-cu ilə qədər ərəb, 1929-39 cu ilə qədər latın, 1939-1991-ci illərdə isə kiril qrafikası tətbiq olunub. 1991-ci ildə isə yenidən latın qrafikasına keçilib. Adətən bu keçidlər nəsillər arasında qopmalara gətirib çıxarır. Bu çox ciddi bir sınaqdır. Məsələn, nəvə babanın məktubunu oxuya bilməyəcəyi qədər ciddi sınaqdır. Lakin Azərbaycan dili bu sınaqlardan üzüağ çıxa bildi. Bu da, əlbəttə ki, dilə Dövlət qayğısından irəli gəldi. Klassiklərin əsərləri yenidən çap olundu. Gənc nəsil keçmişini unutmadı. Təsadüfi deyil ki, bu gün 70 milyondan çox insan bu dildə danışır.

Hər bir azərbaycanlı öz ana dilini, dinini, mill adət-ənənələrini bilməli, unutmamalı və təbliğ etməlidir.

Fikirlərimi müəllimim, böyük şair Bəxtiyar Vahabzadənin sözləri ilə bitirmək istəyirəm:

Dil açanda ilk dəfə “Ana’’ söyləyirik biz.

“Ana dili ’’ adlanır  bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südü ilə

İcirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır.

Bu dil bir-birimizə əhdi-peymanımızdır!

Xanım Rzayeva, 
Bakı şəhəri, Xətai rayon,  M. Nəcəfov adına 86 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi