27 iyul 2022 11:55
792

İcra başçıları daim vətəndaşları narahat edən məsələləri diqqətdə saxlamalıdır

İcra başçıları dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət məmurunun hərəkətlərindən, davranışından, prinsipiallığından, bir sözlə, mənəvi keyfiyyətlərindən çox asılıdır.

Ümummilli lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən, ilk növbədə, “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. O, hamının öz yerində, öz vəzifəsinə uyğun məsuliyyət daşıdığını xüsusi qeyd edirdi, hamıya təvazökar olmağı, vəzifədən sui-istifadə etməməyi, heç kəsin xüsusi status arzusunda olmamasını tövsiyə edir, qanun qarşısında hamının bərabər olduğunu dönə-dönə xatırladırdı. 

İcra başçıları ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, qayğıları ilə maraqlanması, problemlərin yerindəcə həll edilməsi xalq və dövlət məmurlarının münasibətlərinin əyani sübutudur. İcra başçıları əhali arasında böyük nüfuza malikdir, xalq onları sevir. İcra başçıları daim xalqın problemlərinə həssas yanaşır, Azərbaycan vətəndaşlarına həmişə diqqət və qayğı göstərirlər. Bütün məmurlar, ictimai işlərdə çalışan bütün insanlar məişətdə də, işdə də nümunə olmalı, özlərini təvazökar aparmalıdır. Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutaraq cəmiyyətdə ədalət prinsipini daim önə çəkmək, hər şeyin ədalət prinsipi əsasında qurmaq və ədalətin pozulmasının yolverilməzliyi icra başçılarının əsas vəzifələrindəndir.

Dövlətin həyata keçirdiyi siyasətin və xalqın dövlətə münasibətinin formalaşmasında icra başçılarının müsbət imici mühüm rol oynayır. Onların müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən, insanlarla düzgün ünsiyyət qurmasından asılıdır.İcra başçılarının fəaliyyətinin səmərəsi onların cəmiyyətin inkişafı üçün nə dərəcədə real fəaliyyət göstərdikləri, ölkənin iqtisadi inkişafına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, onların gündəlik qarşılaşdıqları problemlərin həllinə necə nail olduqları, dövlət və vətəndaş münasibətlərinin yaxşılaşmasına göstərdikləri töhfə ilə ölçülür. Vətəndaşların problemlərinin həllinə göstərilən qayğı və diqqətin nəticəsidir ki, müraciətlərin, o cümlədən şikayətlərin sayı xeyli azalmışdır. Azərbaycan Prezidentinin rəsmi saytı vasitəsilə vətəndaşların elektron formada qəbula yazılması, bir çox nazirliklərdə, rayon və şəhər icra hakimiyyəti orqanlarında vətəndaşların videoqəbulunun təşkil edilməsi, qaynar xətt telefonlarının qoyulması və bu barədə ictimaiyyətin məlumatlandırılması dövlət orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli formalarının tətbiqinə imkan verir.

Prezident İlham Əliyevin dediyi kimi, “daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik – bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir”. Dövlət başçısı dəfələrlə qeyd edib ki, bütün dövlət məmurları xalqın xidmətçisidir. Hər bir şəxs bilməlidir ki, vəzifədə olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət məmuru həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı