27 iyul 2022 12:17
1160

Bizi millət kimi qoruyub saxlayan, dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir

Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Mən hər yerdə Azərbaycan dilində danışıram. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.

Ümummilli lider Heydər Əliyev

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonara ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi faktdır. “Millətin milliliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd edirik.  

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir.  Elə bu səbəbdən də dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz  xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır. Necə deyərlər, xalq öz dilini, dil isə onu yaşadan xalqı qorumuş, indiki biçimdə formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Əlbəttə, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmiş,  dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir.

Azərbaycan dili müxtəlif tarixi mərhələlərdən keçdikdən sonra bu günkü  səviyyəsinə çatmışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır.

Ulu öndərin dil siyasətini yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin  saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan, məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Müstəqil Azərbaycan dövləti özünün  rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı olaraq öz vəzifəsini əsaslı və davamlı surətdə yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl qanunçuluq bazasının yaradılması və dil məkanına siyasi-hüquqi, elmi-mənəvi nəzarətin gücləndirilməsi müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndisi