Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm
Ulu Öndər Heydər Əliyev
Möhtərəm Ulu öndər Heydər Əliyev çox gözəl demişdir:’ Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib. Hər bir millətin keçdiyi tarixi yol onun mədəni səviyyəsi, ilk növbədə onun dilində öz əksini tapır. Dil həm də millətin millət kimi varlığını əks etdirən əsas vasitədir. Azərbaycan dilinin bugünkü səviyyəsi xalqımızın ən qədim, dərin tarixi köklərə malik xalq olduğundan xəbər verir.
Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək olmuşdur. 1969-1982- ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə dəyər verdiyini göstərdi.Ümummilli liderin “ Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi bunun bariz nümunəsidir.
30 sentyabr 2002-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, onun qorunması, inkişaf etdirilməsi ötən illər ərzində xeyli dərəcədə təkmilləşdirildi.
Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Çox təqdirəlayiq haldır ki, Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.Latın qrafikalı əlifba ilə olan kütləvi nəşrlər bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev çox gözəl demişdir:“ Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, ənənələrimizdir”.Bəli, dilimiz çox zəngin dərin tarixi kökləri olan ahəngdar bir dildir.Ana dili ana qədər doğma, əziz və dəyərlidir.
Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz ana dilini mükəmməl bilməli və bütün dillər arasında onun inkişaf etməsi üçün əlindən gələni etməlidir.
Gülsüm Nəsibova,
Bakı şəhəri, Xətai rayon, 86 nömrəli tam orta məktəbin müəllimi