26 iyul 2022 22:30
752

Ehtiyatı əldən verməməliyik!

COVID -19  yenə də bəşəriyyəti təhdid edir

Dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq dünyada infeksiyaya yoluxma halları artaraq 576 milyonu ötüb. Narahatedici məqamlardan ən önəmlisi isə virusa yoluxanların arasında həyatını itirənlərin sayının kəskin şəkildə artmasıdır. Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. Onların fikrincə,  pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. COVID-19-a yoluxma və ölüm sayında artım dinamikası bəzi ölkələri yenidən sərt karantin tədbirlərinə əl atmağa sövq edir. Artıq bununla bağlı ayrı-ayrı ölkələrdən anonslar da gəlməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus  koronavirusa yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. O deyib: “COVID – 19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə səhiyyə müəssisələrinə daha çox xəstələrin yerləşdiriləcəyindən xəbər verir”. Baş direktor bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarında COVID –19-un hansı ştammının daha təsirli olduğu bilinmir. Onun fikrincə, bu artımın səbəbi artıq indiyə qədər bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər. COVID – 19-un yeni ştammının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan baş direktor bildirib ki, bütün ölkələr buna hazır olmalıdır. “Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr böyük risklərlə üzləşirlər”, – deyə o, xəbərdarlıq edib.

ÜST rəhbəri, həmçinin vurğulayıb ki, xəstəxanalar hələ dolu olmasa da, indi bütün ölkələrin virusa nəzarət, immuni­tet, işçi qüvvəsi, təchizatdakı boşluqları doldurmasının vaxtıdır. Yoluxmadakı hazırkı sıçrayışların davam edəcəyi mütləq və qaçılmazdır, çünki qarşıdan payız gəlir.

ÜST-nin Avropa bürosunun rəhbəri Hans Kluqe isə bildirib ki, “Omicron”un BA.2 və BA.5 alt variantlarının təsiri altında COVID – 19 daha sürətlə yayılır: “COVID-19-a yoluxmaların artması nəticəsində payızdan etibarən virusla mübarizə çətinləşə bilər. Xəstəliklərin artması bu şəkildə davam edərsə, payızdan başlayaraq 2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək.”

Hazırda ABŞ, Fransa, Böyük Britaniya, Hindistan, Braziliya və Almaniya ilk altılığa düşür. Qonşu Rusiya, Türkiyə və İranda da koronavirusa yoluxma sayı və hətta, ölüm halları artır. Qonşu İran pandemiyanın 7-ci dalğasını rəsmi şəkildə elan edib. Türkiyədə də vəziyyət gərginləşib. Burada əhalinin 0,7 faizi aktiv xəstədir və yoluxma yüksələn xətlə davam edir. Epi­demioloqlar Rusiyada 6-cı dalğanın başladığını və yüksəldiyini deyirlər. Daha çox yoluxma Moskva və Peterburqun payına düşüb. Moskvada koronavi­ruslu xəstələrin müalicə olunduqları xəstəxanalar hələ də fəaliyyətdədir. Xəstəlikdən sağalanlar olsa da, ölənlərin sayı da çoxdur. Belə ki, sut­ka ərzində 40 nəfər vəfat edib.

Koronavirusa yoluxma sayında gündəlik artımların olması, dünyanın bəzi ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi yenidən virus xofu yaradıb. Hələlik Azərbaycanda ağırlaşmalar müşahidə olunmasa da,  ötən aylarla müqayisədə son günlər COVID – 19 infeksiyasının yayılma­sı ilə əlaqədar neqativ dinamikanın izlənilməsi, yoluxanların sayında artım və yoluxan şəxslərin sağa­lanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur. Epidemioloji durum səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

 Səhiyyə Nazirliyi, İcba­ri Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxma halları­nın artması ilə bağlı vətəndaşlara qapalı məkanlarda tibbi maskaların taxılma­sını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edib.

Mütəxəssis-ekspert, infeksionist Təyyar Eyvazov Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı ya­yım zamanı deyib ki, soyuq fəsillərdə virus infeksiyalarının yayılması daha da sürətlənir: “Soyuq havalarda tənəffüs orqanlarının qoruyuculuq fəaliyyəti azalır. Əgər orqanizmdə im­munitet səviyyəsi yuxarı olsa xəstəliyə yoluxma ehtimalı aşağıdır. Mövcud peyvəndlər insanları müəyyən qədər virusdan qoruya bilir. Koronavirusun “Delta” ştammı əvvəlki mutasiya­lardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verir. Bu variantda insanlar xəstəliyi daha ağır keçirir. Son dövrlərdə isə əsasən “Omicron” ştamının növləri gündəmdədir.”

Ekspert, həmçinin qeyd edib ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsi Azərbaycandan da təsirsiz ötüşməyəcək: “Təəssüf ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. Bu, gözlənilən hal idi. Qorunma üsulları eyni olaraq qalır, xüsusilə yaşlı insanlar, həm də onların ətrafındakılar diqqətli olmalıdır. Sosial məsafəyə diqqət yetirməli, gigiyenik qaydalara əməl etməliyik. Əlbəttə, buster dozaya qətiyyən laqeyd yanaşmaq olmaz. Mövcud peyvəndlər müəyyən qədər insanları xəstəliklərdən qoruya bilir”.

Bütün bunlarla yanaşı, son bir neçə aydır ki, koronavirusun fərqli ştamlarının, eyni zamanda yeni növ xəstəliklərin yayılması ilə bağlı xəbərlərə şahidlik edirik. İnsanları düşündürən əsas məqamlardan biri də yeni növ xəstəliklərin ölkəmizdə aşkar edilib-edilməməsidir. Səhiyyə Nazirliyindən sözügedən məsələ ilə bağlı verilən rəsmi məlumatda bildirilir ki, hələlik Azərbaycanda meymunçiçəyi ilə bağlı yoluxma faktı qeydə alınmayıb. Diqqətə çatdırılıb ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur: “Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir”.

Qeyd etmək yerinə düşər ki, respub­likamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var., COVID – 19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər. Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, yoluxma əlamətlərini hiss etdikdə, ilk növbədə, sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.

Yeni dalğanın başlanğıcı:  Vəziyyəti dəyişdirmək vətəndaşlardan çox asılıdır

Koronavirusla mübarizədə ən effektiv üsul hesab edilən peyvəndləmə Azərbaycanda bu gün də davam etdirilir. Respublikamızda bir müddətdir epidemioloji vəziyyətin sabitləşməsi ilə peyvəndləmə sayında kəskin azalma müşahidə edilirdi. Son günlər əhali arasında infeksiyaya yoluxma dinamikasındakı kəskin artım, virusa bağlı ölüm hallarının yaşanması sayəsində peyvəndlənməyə yenidən ehtiyac yaranıb. Yaxşıdır ki, bu istiqamətdə artıma doğru dəyişiklik müşahidə olunur. Çünki peyvəndləmə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, yoluxma zəncirini qırmaq baxımından olduqca əhəmiyyətlidir.

Son iki il ərzində müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştamların meydana çıxması hamını peyvəndləmə ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət  etməyə  vadar edir. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir. Unutmayaq, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir. Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik.

Təbii ki, yoluxmaların sayı daha çox artsa, ölkədə bəzi məhdudiyyətlərin tətbiqinə başla­nacaq.  Sərt tədbirlərin, ciddi qapanmaların olmaması, yenidən həyatımızın çərçivələnməməsi üçün məsuliyyətli olmalı, ehtiyatı əldən verməməliyik. Ona görə də meymunçiçəyi və koronavirusun eyni vaxtda yayıldığı şəraitdə gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımıza karantin rejiminin qaydalarına riayət etmələri, koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələri tövsiyə olunur. 

Yaqut Ağaşahqızı, “İki sahil”