Azərbaycan 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarını azad edəndən sonra Ermənistanda hərbi vəziyyətlə yanaşı, siyasi, sosial-iqtisadi durum hər ötən gün iflasa doğru getməkdədir. Onsuz da vəziyyəti bərbad olan ölkədə müharibədən sonra yaranmış qeyri-stabil siyasi vəziyyət, hökumətin istefası tələbləri, artıq bir neçə nazirin istefaya göndərilməsi, qaçqın probleminin kəskinləşməsi, müharibədən sonra məlum səbəblərdən tibbi və sosial xərclərin kəskin artımı və digər amilləri də nəzərə alanda vəziyyətin nə dərəcədə ağır olduğunu görmək mümkündür. Təbii ki, bu, hələ müharibədən ötən qısa vaxtda baş verənlərdir. İşğalçı ölkədə vəziyyətin nə qədər qorxunc olduğunu, regionda sülhün bərqərar olunması üçün heç bir səy göstərmədikcə ağır nəticələrinin qarşıdakı dövrdə daha dərindən hiss ediləcəyini təkcə beynəlxalq iqtisadçılar deyil, Ermənistandakı mütəxəssislərin özləri də etiraf edirlər.
Ermənistan mətbuatında bu ölkəni gözləyən kədərli iqtisadi perspektivlər barədə iqtisadçı, “Alternativ” Araşdırma Mərkəzinin rəhbəri Tatul Manaseryanın fikirləri dərc edilib. İqtisadçı həyəcan təbili çalaraq bu gedişlə Ermənistanın onsuz da aşağı olan kredit reytinqinin kəskin şəkildə enəcəyini və ölkənin xaricdən borc ala bilməyəcəyini bildirib. Bu isə Ermənistan iqtisadiyyatı üçün ölümə bərabərdir: “İqtisadi geriləmə obyektiv səbəblərlə bağlı idi. Lakin buna siyasi qeyri-sabitlik də əlavə olunduqda ölkənin kredit reytinqi daha da bərbad olacaq”.
Şəhərin mərkəzində hər gün keçirilən mitinqlərdə xalq ayağa qalxaraq problemlərinin həllini istəyir. Ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk 6 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 24 faiz artıb.
“4rd.am” saytı yazır ki, hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beşillik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edir. Ermənistanda yeni iş yerlərinin açılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.
Bütün bunların fonunda sosial-iqtisadi sahədə gərginlik getdikcə daha da dərinləşir. Onu da qeyd edək ki, Ermənistanda çörək istehsalı 60 faizə qədər azalıb. Hətta bu barədə İrəvan çörək zavodunun məsul işçilərindən biri “İravunk” qəzetinə müsahibəsində deyib. O bildirib ki, ölkənin bir neçə şəhərində çörək zavodları var. Son hesabata əsasən, bu müəssisələrdə istehsal 60 faizə qədər azalıb. İnsanlar köhnəlmiş çörəkləri daha çox almaq istəyirlər. Buna səbəb köhnəlmiş çörəyin iki dəfə ucuz satılmasıdır. Birdən-birə istehsalda 60 faizlik azalma ölkə iqtisadiyyatında dözülməz vəziyyətlə əlaqələndirilir.
Sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Əhalinin işsizlikdən sonra üzləşdiyi ən böyük problem mənzil şəraiti ilə bağlıdır. Ekspertlər bunu inşaat sektorunda illərdir hökm sürən durğunluqla əlaqələndirirlər. Bildirilir ki, Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Ailə üzvləri işsizdir. Onlar ümidlərini yalnız cüzi pensiyaya bağlayırlar. Belə ağır şəraitdə yaşayan ailələrin uşaqları sağlam olmurlar. Uşaqların normal geyimləri olmadığı üçün məktəbə də gedə bilmirlər. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil. Əhalinin 43 faizi isə ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə bu problemlərin həllində acizdir.
Məhz bütün bu yaşananlar fonunda Ermənistanda əhali ölkəni tərk edir. Bildiyimiz kimi, son dövrdə 11 mindən çox erməni xarici ölkələrdən sığınacaq istəyib. Hətta Fransada məskunlaşmaq arzusunda olan ermənilərin sayı son 10 illə müqayisədə iki dəfə artıb. Fransadan sonra Almaniyadan, Avstraliyadan, Kanadadan və Polşadan sığınacaq almağa çalışan ermənilərin sayında da artım müşahidə olunur.
Bütün bunlar Ermənistanda bütün sahələrdə vəziyyətin qeyri-qənaətbəxş olduğunun, ölkə hakimiyyətinin hər keçən gün daha da çıxılmaz vəziyyətə düşdüyünün göstəricisidir. Hadisələrin bu səpkidə davam etməsi yaxın gələcəkdə Ermənistanda vəziyyətin daha da ağırlaşacağından xəbər verir.
Mənsumə Babayeva, “İki sahil”