27 iyul 2022 01:10
948

Prezident xəbərdarlığı: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar!

Masallı, Lerik,  Göygöl rayonlarına yeni təyin edilən  icra başçılarını qəbul edən  Prezident İlham Əliyev tövsiyələrini  bildirməklə söylədi ki, qanunlara  hamı tabe olmalı, vəzifə məsuliyyətini artırmalıdır!

«Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik» söyləməklə həyata keçirilən islahatlardan,  ölkədə yaradılan sabitlikdən, milli birlik və həmrəylikdən söz açmaqla, gündəlik həyatımızda rast gəlinən neqativ hallarla  heç vaxt barışmayacağı mesajını    məsul şəxslərin diqqətinə çatdıran Prezident İlham Əliyev  bildirir ki, insanların ailə büdcəsinə  təsir edəcək  ən kiçik məqamlara belə diqqət göstərilməsi dövlət siyasətimizin əsas tələbi və şərtidir. Ölkəmizdə korrupsiya,  inhisarçılıq, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı  mübarizənin davamlı olacağından söz açan dövlət başçımız yeni  təyin olunan icra başçıları ilə görüşlərində  insanları daha çox narahat edən problemlərin həllini başlıca vəzifə kimi  qarşıya qoyur. İşində nöqsanlara yol verənlərə, vəzifə məsuliyyətlərini doğrultmayanlara, özbaşınalıqlara yol verilmə hallarına qarşı  barışmaz mövqeyini   «Kimliyindən asılı olmayaraq hamı qanunlara tabe olmalı, heç kəs  vəzifə səlahiyyətlərindən artıq imtiyazlara malik olduğunu düşünməməlidir» sözləri ilə çatdıraraq onu da bildirir ki,  «fərqli həyat tərzi keçirmək istəyində olanlar» bunun sonunu də nəzərə almalıdırlar.
 Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik, Elvin Paşayevi  Göygöl rayonlarının  İcra hakimiyyətlərinin başçıları təyin olunmaları ilə əlaqədar qəbul edən Prezident İlham Əliyev yeni kadrlara tövsiyələrini  bildirməklə onlara göstərilən etimadı  doğrultmalarını da  tapşırdı.

Son illərdə ölkə miqyasında  regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərinin görüldüyünü, önəmli infrastruktur layihələrinin icra edildiyini, xüsusilə  bölgələrdə narahatlıq doğuran problemlərin olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq enerji, təbii qazla, içməli su təchizatı ilə  bağlı problemlər arxada  qalıb.
Yol infrastrukturu, suvarma sistemləri yenilənib,  4 milyondan artıq vətəndaşı əhatə edən  sosial paketdə göstərilən ciddi layihələr həyata keçirilir. «Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq» söyləyən dövlət başçımız həyata keçirilən islahatların  sahibkarlığın inkişafına müsbət təsirini, yeni iş yerlərinin açılmasındakı önəmini, biznes mühitinin  daha da yaxşılaşdırılmasına yönələn dövlət dəstəyini də diqqətə çatdırıb.

«Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır» söyləməklə yeni icra başçılarına  daim insanlarla təmasda olmağı, sakinləri narahat edən problemlərin aradan qaldırılması üçün fərdi söhbətlərə üstünlük vermələrini tapşırdı. Bildirdi ki, hər bir kəndin probleminin həlli bütünlükdə respublikada mövcud olan çatışmazlıqların aradan qaldırılmasına dəstəkdir. Ən əsası odur ki, insanlara münasibətdə sağlam cəmiyyətin başlıca amili olan  sosial ədalət prinsiplərinə əməl edilsin. Ölkəmizdəki sabitliyin təməl prinsiplərindən olan milli həmrəylik gözlənilsin.

44 gün davam edən   İkinci Qarabağ müharibəsini Qələbə ilə başa çatdıran, torpaqlarını siyasi və hərbi yolla işğaldan azad etməsi ilə tarixi ədaləti bərpa edən  Azərbaycan xalqının milli qüruru bütün uğurlarımızın təməli kimi dövlətimizin sarsılmazlığını göstərdi. Vətən müharibəsindən sonra  işğaldan azad olunmuş ərazilərdə  aparılan bərpa -quruculuq işlərinin sürətlənməsi də milli həmrəyliyimizin göstəricisidir.  Bu, milli birliyimiz Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin ailələrinə, hərbi əməliyyatlar zamanı  müxtəlif dərəcəli  xəsarət almış əlillərə göstərilən diqqət və qayğıda da hiss olunur. Yeni təyin olunmuş icra başçıları ilə görüşündə bu məsələyə xüsusi diqqət  yetirilməsini əsas vəzifə kimi, qarşıya qoyan Prezident İlham Əliyev   bu kateqoriyadan olan insanlarla görüşlərini xatırladaraq onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması naminə  görülən işləri nümunə göstərdi. Qeyd olundu ki,  İkinci Qarabağ müharibəsindən əvvəl və Vətən müharibəsindən sonra şəhid ailələrinə qayğı daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələri və əlillər  dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə,   minik maşınları ilə təmin olunurlar.   Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin mənzillə təminatı  artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət  xətti ilə bu proses davam etdirilir. Şəhid ailələrinin, müharibə əlillərinin məşğulluqla təminatı da diqqətdə saxlanılan məsələdir.  Bu məqsədlə keçirilən «Məşğulluq marafonu» layihəsi üzrə  şəhid ailələrinin üzvləri və əlillər  peşələrinə uyğun işlə təmin olunmuşlar. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri  onlara biganə qalmamalı,  daim onların yaşayışı ilə daim  maraqlanmalıdırlar. Çünki bütün Azərbaycan xalqı şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq:  «Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, «öldü var, döndü yoxdur”» deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.»

Yerli icra orqanlarında təşəbbüskarlığın artırılmasını rayonların sosial-iqtisadi inkişafı, əhalinin sosial həyat tərzinin yaxşılaşdırılması üçün başlıca vəzifə  adlandıran dövlət başçımızın vurğuladığı kimi, bu sahədə məmurlar nümunə göstərməlidirlər. Füsunkar təbiəti ilə qonaqlarını heyrətləndirən bölgələrin  turizm potensialından istifadə etməklə rayonların sosial- iqtisadi inkişafının sürətləndirilməsi  dövlətə, sahibkarlara sərmayə qazandırmaq baxımından önəmlidir. Kənd turizminin inkişafı üçün səfalı güşələrdə  müasir istirahət zonalarının, otel komplekslərinin  inşa edilməsi  daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər düşmənlə təmas xəttinə yaxın Göygölə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyildi. Araşdırmalar nəticəsində bəlli oldu ki, ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə Göygölün turizm potensialından istifadə etməklə rayonun iqtisadi imkanlarını artırmaq mümkündür. Hazırda minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünün ətrafına toplaşır, buradakı  gözəl mənzərəni seyr edirlər.  Göygöl rayonundan Kəlbəcər rayonuna yolun, tunelin çəkilməsi ilə  Kəlbəcər-Laçın zonasını inkişaf etdirməklə, turizm potensialından maksimum istifadə imkanları daha da artacaq.

 Əvvəllər bərbad əvziyyətdə olan  Lənkəran-Lerik yolunun bərpası ilə   çox böyük sərvətə malik Lerikə turist axınının güclənməsi də  infrastruktur layihələrinin həyata keçirilməsini aktuallaşdırır. «Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir» sözləri ilə hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də münbit şəraitin, potensial  imkanların olduğunu diqqətə çatdıran  Prezident İlham Əliyev  müasir aqrotexniki  tədbirlərin görülməsi ilə həmin  rayonlarda kənd təsərrüfatının inkişafını  təxirəsalınmaz vəzifə kimi  zəruri hesab etməklə torpaqlardan səmərəli istifadəyə xüsusi həssaslıqla yanaşılmasını tələb edir: «Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır.» Bütünlükdə respublika üzrə  xarakterik olan belə hallara qarşı   mübarizə daim diqqətdə saxlanılmalıdır. Çox təəssüf ki, təbiətə, fauna və floraya qarşı cinayət olan  bu cür  qanunsuz əməllər dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar tərəfindən törədilir.

«Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır»  söyləyən Prezident İlham Əliyev vurğulayır ki,
qiymətli sərvətimiz olan  torpaqlardan fermerlərin , kəndlilərin istifadə etmələri ölkədə ərzaq təhlükəsizliyinin təminatına töhfədir. Torpağın əsl sahibinə verilməsi ekologiyanın qorunması  baxımından da əhəmiyyətlidir. Aqrar, turizm, tikinti sahələrində, fermer təsərrüfatlarında çalışan iş adamları fəaliyyətəlri zamanı  rayonların təbii şəraitinə, əhalinin tələbatına, müasir şəhərsalma qaydalarına ciddi  əməl etməlidirlər. İşğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri zamanı  bu tələblərə ciddi əməl olunduğunu  nümunə göstərən Prezident İlham Əliyev  insanların  rəyini formalaşdıran ictimai  nəzarətə diqqətlə yanaşmanı dövlətimizin sosial- ədalət   siyasətinin, xoşməramlı  niyyətinin göstəricisi adlandırdı: «İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.»

 Dövlət tərəfindən həyata keçirilən sosial- iqtisadi islahatlar, kadr  siyasəti ictimaiyyət tərəfindən dəstəklənir. Vəzifə borcunu  yerinə yetirməyən, etimadı dorultmayan, neqativ əməlləri ilə uğurlarımıza kölgə salmağa çalışan məmurlar cəzalandırılır. Kölgə iqtisadiyyatına, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə davamlı  proses kimi nəzarətdə saxlanılır. Məmurlar unutmamalıdırlar ki,  hüquqi dövlət kimi qüdrətlənən,  inkişaf edən ölkəmizdə  ali qanunlarımıza  əməl etmək hər kəsin, xüsusilə də məmurların borcudur. Unutmaq olmaz ki,   vətəndaş-məmur məmnuniyyətinin səviyyəsi məsul şəxslərin vəzifə borcuna sadiqliyinin göstəricisidir.  

Xuraman İsmayılqızı, "İki sahil"