26 iyul 2022 16:16
1332

Ana dilinin inkişafı və zənginləşməsi

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır".

Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur.

Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla, böyük dövlət əhəmiyyəti daşıyır.

Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.

Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.

Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir.

Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini